• Bakı 18° C

    2.02 m/s

  • USD - 1.7

    EUR - 1.9733

    RUB - 2.0876

Zahid Oruc: Qarabağın azadlığı regionda sülh deməkdir

SİYASƏT

24 Oktyabr 2025 | 12:20

Zahid Oruc: Qarabağın azadlığı regionda sülh deməkdir

 Astanada prezident İlham Əliyevin verdiyi tarixi bəyanat dünya mediasında geniş əks-səda doğurub.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri parlamentin bugünkü iclasında Milli Məclisin deputatı Zahid Oruc bildirib.

Onun fikrincə, Azərbaycan Prezidenti tərəfindən Ermənistana qoyulan tranzit məhdudiyyətlərinin aradan qaldırılması, xüsusilə Qazaxıstan taxılının daşınması ilə ilk addımın atılması regionda barışın simvolu sayıla bilər.

“Bu açıqlama İrəvanda yüksək razılıqla qarşılandı, Baş nazir Paşinyan qərarı alqışladı və ölkə başçımıza təşəkkür etdi. Eyni zamanda, Ermənistan indi Türkiyə və Azərbaycan arasında yüklərin tranzitini təmin etməyə hazırdır”, – deyə Oruc vurğulayıb.

O qeyd edib ki, 3 əsrlik düşmənçilik və 30 illik işğaldan sonra iki xalq arasında yaranan kövrək əlaqələr tarixi dönüş nöqtəsidir:

“Vətən müharibəmiz təkcə torpaqların azadlığı üçün deyil, həm də bütün regional kommunikasiyaların açılması uğrunda aparılıb. Prezident İlham Əliyev həmin məqsədləri gerçəyə çevirir, Vaşinqton sülh gündəliyini irəli aparır, İrəvanı qarşıdurma və ərazi iddialarından çıxarır, dinc qonşuluq münasibətləri üçün zəmin yaradır”.

Parlament üzvü bildirib ki, Azərbaycan və Ermənistan parlament sədrlərinin Cenevrədə görüşü, vətəndaş cəmiyyəti təmsilçilərinin İrəvana səfəri dövlətimizin sülh və etimad quruculuğundakı möhkəm iradəsini göstərir.

“İki xalqın düşmənçiliyindən qazanan keçmiş imperiya varislərinin Bakı-İrəvan barışını alqışlamaması təəccüblü deyil”, – Milli Məclisin deputatı əlavə edib.

Zahid Oruc xatırladıb ki, 22 il əvvəl Robert Koçaryan “azərbaycanlılar və ermənilər etnik cəhətdən bir yerdə yaşaya bilməzlər” deyərkən, müvafiq Avropa dövlətləri bunu pisləməmişdi.

“Əbədi düşmənçilik ideyalarına yol vermək olmaz”, – Oruc vurğulayıb.

Parlamentari, həmçinin, regionun inkişaf perspektivlərinə diqqət çəkib:

“30 illik məhrumiyyətləri, 23 min şəhidimizin müqəddəs qanını unuda bilmərik. Lakin hazırki Baş nazirə səs verən erməni xalqının 54 faizi, yəni 700 min nəfər, məğlubiyyətlərini və birgəyaşayışı qəbul edib. Bu, gələcək barış üçün böyük şansdır. Əgər bölgədə barış təmin olunsa, 15 il ərzində region görünməmiş inkişafa qovuşacaq, 2 milyona qədər yeni iş yeri açılacaq, 16 milyon əhalisi olan vahid iqtisadi məkan formalaşacaq, sürətlə silahlanmaya xərclənən vəsaitlər sosial və iqtisadi sahələrə yönələcək”.

Sonda deputat vurğulayıb ki, Azərbaycan xalqı tarixən qalıcı barışın tərəfdarı olub:

“Qarabağın azadlığı regionda sülh deməkdir. İndi xalqların müharibədən yox, barışdan qazanmasının vaxtıdır”.

Əli Hüseynov


SON XƏBƏRLƏR

23 Oktyabr 2025