• Bakı 31° C

    3.13 m/s

  • USD - 1.7

    EUR - 1.9961

    RUB - 2.1425

Diasporun təxribatçı mövqeyi: Cənubi Qafqazda sülh təhdid altındadır

SİYASƏT

25 Iyul 2025 | 15:39

Diasporun təxribatçı mövqeyi: Cənubi Qafqazda sülh təhdid altındadır

Cənubi Qafqazda sülhün təmin olunması üçün Azərbaycanın və bir sıra beynəlxalq tərəfdaşların atdığı addımlar fonunda bəzi dairələrin destruktiv çağırışları regionda vəziyyəti yenidən gərginləşdirmək cəhdləri kimi qiymətləndirilə bilər. Xüsusilə ABŞ Konqresindəki ermənipərəst mövqeli siyasətçilərin son təşəbbüsləri bu qəbildəndir.

Məsələ ilə bağlı Bakıvaxtı.az-a danışan siyasi şərhçi Tural İrfan bir sıra vacib məqamlara diqqət çəkib.

Ekspert hesab edir ki, ABŞ-dəki erməni diasporuı illərdir Konqres üzərində güclü təsirə malikdir və bu təsir bu gün də sülhə qarşı alət kimi istifadə olunur:

“Təbii ki, ABŞ-də erməni diasporunun konqresmenlərə təsiri böyükdür. Şübhəsiz ki, bəzi ermənipərəst konqresmenlərin bu cür çıxışları regionda sülhə mane olur və erməniləri yenidən təxribatlara və münaqişələrə cəlb etmək məqsədi güdür".

Tural İrfan ABŞ daxilində baş verən siyasi qarşıdurmaların da bu proseslərə təsir etdiyini düşünür:

“ABŞ-nin daxilində, əsasən Donald Trampın prezidentliyi dönəmində siyasi təlatümlər hökm sürür, çaxnaşmalar və ziddiyətlər mövcuddur. Əks qütblərin mübarizəsi xarici siyasətə də sirayət edir. Trampın təşəbbüsü ilə ortaya qoyulan diplomatik yenilikləri şübhə altına alırlar. Belə çıxır ki, ABŞ-nin siyasəti yenə də ikili standartlara əsaslanır".

Şərhçi əlavə edir ki, Ermənistan rəhbərliyi də diasporadan siyasi alət kimi istifadə edərək, səhnə arxasından mesajlarını ötürür:

“Bununla yanaşı Ermənistan hakimiyyətinin özü də diaspora təşkilatlarının fəaliyyətinə bu kimi mövzularda istiqamət verə bilər. Özü irəli sürə bilmədiyini diasporanın təsiri ilə konqresmenlərin dili ilə deyə bilər. Əgər belə hal varsa, bu da Ermənistanın sülh prosesinə xələl gətirməsi deməkdir".

Tural İrfan həm də sülh mövzusunda səsləndirilən bəzi çağırışların əslində ədalətə deyil, qərəzə söykəndiyini vurğulayır:

“Söhbət bir qərinəyə yaxın işğalda qalıb əhalisi soyqırımına məruz qalaraq didərgin salınmış Azərbaycan torpağından gedir. Əvvəlcə qaçqın düşmüş əhalinin yerinə qayıtması barədə, buna müvafiq yardım, dəstək, kömək məsələlərini müzakirə etmək əvəzinə yenə qərəzli, əsassız və təxribatçı fikirlər səsləndirirlər. Bu da ümumiyyətlə regionda təhlükəsizliyə, sabitliyə xələl gətirir".

Turan İrfan: Regionda sülhün pozulması ABŞ-nin özünə də zərər vura bilər

Müsahibimiz bildirib ki, bölgədə Türkiyənin mövqeyi gücləndikcə, ABŞ daxilində bəzi qüvvələr bu prosesdən narahat olur və dolayısıyla təxribatları stimullaşdırırlar:

“Cənubi Qafqazda Türkiyənin rolu və təsiri artıqca ABŞ-də bəzi dairələr narahat olur. Ermənistanın və ermənilərin əli ilə, yaxud onları əsas tutaraq hansısa maraqları hədəf götürüblər. Bu, pozuculuqdur. İki dövlət öz arasında razılıq əldə etdikcə, kənar qüvvələr hər vəchlə bunu pozmaq, yenidən təxribat, münaqişə ocağı yaratmaq istəyirlər".

Tural İrfanın qənaətinə görə, bu cür çağırışlar təkcə Azərbaycana deyil, bütövlükdə ABŞ və Ermənistanın özlərinə də mənfi nəticələr doğura bilər:

“Düşünürəm ki, ABŞ-nin bəzi ermənipərəst konqresmenlərinin bu cür təxribatçı, sülh prosesinə xələl gətirən çağırışları tamamilə zərərli və əsassızdır. Regionda sülhün pozulması ABŞ-nin özünə də zərər vura bilər. Cənubi Qafqazda sülhün və sabitliyin qorunması üçün bu cür çağırışların zərərləri Ermənistan və ABŞ hökumətinə xatırladılmalıdır".

Əli Hüseynov


SON XƏBƏRLƏR

25 Iyul 2025