"Ermənistanda Rusiyanın Nikol Paşinyan hökumətinin yeritdiyi siyasətə qarşı addımları ilə bağlı ciddi narahatlıq var".
Bunu politoloq Natiq Miri Bakıvaxtı.az-a açıqlamasında deyib.
Ekspert bildirib ki, Rusiya başda Kilsə olmaqla bütün müxalif qüvvələri Paşinyan hökuməti əleyhinə formalaşdırmağa və birləşdirməyə çalışır:
"Nikol Paşinyan da Rusiyanın təzyiqlərinə cavab verir. 2026-cı ildə keçiriləcək parlament seçkiləri öncəsi Rusiya tərəfindən Ermənistana bəzi məhdudiyyətlərin yaradılması təhlükələri də mövcuddur. Yəni iqtisadi yöndə bir çox problemlərin olacağı ehtimalı yüksəkdir. Bu da ölkə iqtisadiyyatı üçün ciddi çətinliklər yaradar”.
Müsahibimiz qeyd edib ki, Ermənistan Baş nazirinin Rusiya rəsmiləri ilə görüşlərində əsas müzakirə mövzusu iqtisadi əməkdaşlıq məsələləridir. Onun fikrincə, ola bilsin, bəzi siyasi bazarlıqlar da olsun.
Natiq Miri, politoloq
Dediyinə görə, söhbət ondan gedir ki, artıq Paşinyan fərqindədir ki, Rusiya onu devirməyə çalışır:
“Bunu görən Paşinyan da başda milyarder Savmel Karapetyan olmaqla Rusiyanın Ermənistandakı emisarlarını həbs etməklə Moskvaya qarşı ciddi dirəniş göstərəcəyinin anonsunu verir. Dolayısı ilə bu gün Paşinyan Ermənistanda öz gücünü nümayiş etdirir. Rusiya anlayır ki, hazırda Nikol Paşinyanın qarşısına çıxarıla biləcək ciddi siyasi fiqur mövcud deyil”.
“Kreml son anda Paşinyanı devirmək əvəzinə onunla müəyyən məsələlərdə anlaşmaya da gedə bilər. Ən azından Paşinyanın KTMT-dən çıxmaq qərarı ertənələ bilər. Yəni ciddi bazarlıqların olması mümkündür", - deyə Natiq Miri əlavə edib.
Aydın Baxış