Bu ilin iyun ayında Bakıda mənzillərin qiymət ötən ilin eyni dövrü ilə müqayisədə 15,9 % çox olub.
Bu barədə Bakıvaxtı.az-a "Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti" İctimai Birliyinin sədri Vüqar Oruc məlumat verib.
Son sözlərinə görə, son 1 ildə paytaxtda fərdi yaşayış evləri 13,4 %, torpaq sahələri 15,4 %, qeyri-yaşayış obyektləri isə 12,5 % bahalaşıb.
V.Oruc qiymət artımını bir sıra daxili və xarici amillərlə izah edib: "Əvvəla, Rusiya-Ukrayna müharibəsindən sonra inşaat materiallarının qiymətinin artması bazarda ümumi maya dəyərini yüksəltdi. Bakı şəhərinin 2040-cı il Baş Planı təsdiqləndikdən sonra normativlərin sərtləşməsi və əlavə tikinti icazələrinin məhdudlaşdırılması da təklifin azalmasına səbəb oldu. Bundan başqa, daşınmaz əmlak alqı-satqısında nağdsız hesablaşmalara keçid və ƏDV-nin tətbiqi qiymətlərə birbaşa təsir edir”.
Ekspert əlavə edib ki, inflyasiya və manatın alıcılıq qabiliyyətinin zəifləməsi, iqtisadi artım, ərzaq və yanacaq qiymətlərində artım, eləcə də söküntü prosesləri nəticəsində alternativ mənzilə tələbatın artması qiymətlərin yüksəlməsinə yol açıb: "Bundan başqa, daşınmaz əmlakın sərfəli investisiya aləti kimi cəlbediciliyi, əhalinin artması ilə tələbatın yüksəlməsi, torpaq sahələrinin azalması, dövlətin ipoteka və sosial mənzil proqramları, eləcə də süni qiymət manipulyasiyaları hazırkı vəziyyətdə mühüm rol oynayıb”.
V.Oruc hesab edir ki, bu tendensiyanın yaxın aylarda da davam etməsi mümkündür.