Rusiya artıq sadəcə coğrafi sərhədləri geniş, lakin mənəvi və siyasi baxımdan daralmış bir dövlətə çevrilməkdədir. Kreml rəhbərliyinin son davranışları göstərir ki, ölkə nə dövlətçilik prinsipləri, nə hüquq mədəniyyəti, nə də diplomatik etika ilə idarə olunur.
Əvəzində isə şəxsi kin, siyasi qisasçılıq və düşmənçilik meyarları Kreml siyasətinin əsas alətlərinə çevrilib. Bunun ən son və acı nümunəsi Azərbaycanın böyük dostu, məşhur media xadimi Mixail Qusmanın TASS agentliyindəki yüksək vəzifədən uzaqlaşdırılmasıdır.
Qusman sıradan bir jurnalist deyil, təkcə 30 ilə yaxın Rusiya informasiya məkanında aparıcı simalardan biri olmaqla qalmayıb, həm də Azərbaycanla Rusiya arasında mənəvi körpü rolunu oynayıb. Onun bu vəzifədən kənarlaşdırılması sadəcə kadr dəyişikliyi deyil, həm də Moskvanın hansı dəyərlərdən imtina etdiyini göstərən simvolik addımdır. Görünür, bu gün Kreml üçün istedad, sadiqlik və peşəkarlıq yox, şəxsi simpatiyalar və forumlarda görünmək meyarına uyğunluq əsas göstəriciyə çevrilib.
Mixail Qusmanın vəzifədən uzaqlaşdırılması şəxsi haqsızlıq yox, çökməkdə olan bir rejimin daxili panikasının, özgə fikrə və dost səsinə dözümsüzlüyünün daha bir bariz ifadəsidir.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən Əməkdar jurnalist Qulu Məhərrəmli bu qərarın onun bu yaxınlarda Şuşada keçirilən beynəlxalq forumda iştirakından sonra verilməsi diqqət çəkib və Rusiyanın siyasi dairələrində müəyyən rezonans doğurub:
"Azərbaycan ictimaiyyətində geniş tanınan Mixail Qusman Bakıda anadan olub, uzun illərdir Rusiya mediasında fəaliyyət göstərir. O, TASS agentliyində 30 ilə yaxındır ki, yüksək vəzifə daşıyır, "Hakimiyyət formulu" (Формула власти) adlı məşhur televiziya proqramının müəllifi və aparıcısıdır. Rusiyanın əməkdar jurnalisti, Dövlət Mükafatı laureatıdır. Qusman, həmçinin Azərbaycanla bağlı məsələlərdə daim müsbət mövqeyi ilə seçilib".
Qulu Məhərrəmli, jurnalist
Qulu Məhərrəmlinin fikrincə, 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın Müdafiə Fonduna şəxsi vəsaiti hesabına 50 min avro ianə etməsi də ictimaiyyətin diqqətindən yayınmayıb:
"Onun vəzifədən uzaqlaşdırılması bir çoxları tərəfindən yalnız peşəkar fəaliyyəti ilə deyil, həm də siyasi mövqeyi və Azərbaycanla yaxın münasibətlərinə görə Kremlin mənfi münasibəti kimi dəyərləndirilir. Analitiklər bu addımı Rusiyada siyasi tolerantlığın və plüralizmin zəifləməsinin əlaməti kimi şərh edirlər. Belə yanaşmalar ölkədə şəxsi münasibətlərin və siyasi loyalizmin peşəkarlıqdan üstün tutulduğunu göstərən narahatedici tendensiya kimi qiymətləndirilir".
Əli Hüseynov