Bakıda yəhudilər özlərini Parisdən daha təhlükəsiz hiss edirlər.
Bakıvaxtı.az xəbər verir ki, bunu diplomatik missiyasını başa vurmadan əvvəl son brifinqi zamanı jurnalistlərə İsrailin Azərbaycandakı səfiri Corc Dik bildirib.
"Mənim üçün Bakıda yəhudilərin özlərini nə qədər təhlükəsiz hiss etdiklərini görmək xoş sürpriz oldu. Hətta Beyrut və Paris küçələrindən daha çox. 2019-cu ildə, Azərbaycan Prezidenti İlham Əliyevlə ilk dəfə görüşəndə, o, bir yəhudinin Bakı küçələrində Parisdən daha təhlükəsiz gəzə bilməsi ilə qürur duyduğunu söylədi. O zaman haqlı idi və bu gün daha da haqlıdır", - səfir vurğulayıb.
Diplomat xüsusilə qeyd edib ki, Azərbaycan mürəkkəb regional vəziyyətə baxmayaraq, ölkə daxilində mehriban qonşuluq və millətlərarası həmrəylik ənənələrini qoruyub saxlayır.
"Azərbaycan mənə İsrailin olduğu vəziyyəti xatırladır: çox mürəkkəb bir regionda, birgə yaşamaq asan olmayan qonşularla yaşamaq. Siz Yaxın Şərq ölkələri arasında vasitəçi kimi çıxış edən, Avropaya enerji təchiz edən və NATO-nun strateji tərəfdaşı olan çiçəklənən bir ölkə qura bildiniz", - Corc Dik bəyan edib.
O vurğulayıb ki, Azərbaycan qeyri-dost qonşularla əhatə olunub, lakin bu, dövlətin tərəqqi və inkişaf yolunda inamla irəliləməsinə mane olmur.
Sonda səfir həmçinin Azərbaycan mətbəxini yüksək qiymətləndirib və artıq turist kimi ailəsi ilə birlikdə Azərbaycana qayıtmaq planlarını bölüşüb.