Xəbər verdiyimiz kimi, sentyabrın 6-da ABŞ Dövlət katibi Entoni Blinken Prezident İlham Əliyevə zəng edib. Telefon söhbəti zamanı Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarının açılması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Dövlət başçısı vurğulayıb ki, Ermənistan və onun Azərbaycanın Qarabağ bölgəsində yaratdığı və dəstəkləməkdə davam etdiyi qondarma separatçı rejim Ağdam-Xankəndi yolunun açılmasına qərəzli şəkildə imkan vermir və bu yoldan istifadənin qarşısının alınması üçün süni maneə və əngəllər yaradır. Beynəlxalq Qırmızı Xaç Komitəsinin xətti ilə bu yol ilə yüklərin daşınması barədə əldə olunmuş ilkin razılaşmadan imtina edib.
Ölkə rəhbəri qeyd edib ki, Ağdam-Xankəndi yolundan istifadədən bu formada imtina etmək siyasi manipulyasiyadır və həmin ərazidə guya humanitar, yaxud qida böhranının yaşandığını iddia etmək üçün məqsədyönlü yalandır. Ağdam-Xankəndi yolunun açılmasından sonra Azərbaycanın gömrük və sərhəd-nəzarət rejimi qaydaları tətbiq edilməklə Laçın-Xankəndi yolu açıla bilər. Prezident İlham Əliyev vurğulayıb ki, dövlətimiz tərəfindən separatizmin bütün təzahürləri qəbulolunmazdır.
Millət vəkili Ceyhun Məmmədov Bakıvaxtı.az-a bildirib ki, dövlət başçısı İlham Əliyevin ABŞ Dövlət katibi Entoni Blinkenlə telefon zəngində diqqətə çatdırdığı məsələlər, yanaşma çox önəmlidir.
Deputatın sözlərinə görə, təəssüf ki, Ermənistanın başlatdığı çirkin oyunlarda, təbliğatda bir sıra ölkələr də iştirak edirlər: "Bəzi Qərb dövlətləri ermənilərin yalanlarını, "humanitar şousu"nu dəstəkləyən müəyyən bəyanatlar və açıqlamalar verirlər. Cənab Prezidentin dəfələrlə vurğuladığı kimi Qarabağda hansısa humanitar fəlakətdən söhbət gedə bilməz. Bu, ermənilərin şousu, siyasi manipulyasiyasıdır. Hamısı Ermənistan hökumətinin çirkin məqsədlərinə xidmət edir”.

Ceyhun Məmmədov: Qarabağda yaşayan ermənilərlə bağlı həqiqətən də hər hansı problem varsa...
Müsahibimiz bildirib ki, əgər Qarabağda yaşayan ermənilərlə bağlı həqiqətən də hər hansı problem varsa, Azərbaycan dövləti onlara istənilən formada yardım göstərəcəyini bəyan edib. Yardıma ehtiyacları varsa, yolu bağlamasınlar və Azərbaycanın təşkil etdiyi yük maşınlarının Xankəndinə girməsinə imkan versinlər: “O baxımdan cənab Prezidentin bununla bağlı məqamları xüsusi diqqətə çatdırması çox-çox önəmlidir. Çünki Ermənistan uzun müddətdir davamlı olaraq təxribatlara əl atır. Şübhəsiz, Azərbaycan bütün məqsədlərinə çatacaq. Ermənistanın təxribatları hədəflərimizə nail olmağın qarşısını ala bilməyəcək".
Aydın Baxış
















