• Bakı 30° C

    0.86 m/s

  • USD - 1.7

    EUR - 1.8397

    RUB - 0.0191

Ermənistanın gələcəyi ilə bağlı nikbin fikir söyləmək çətindir: Yenidən ilk fürsətdə...

SİYASƏT

05 Iyul 2024 | 09:23

Ermənistanın gələcəyi ilə bağlı nikbin fikir söyləmək çətindir: Yenidən ilk fürsətdə...

Son vaxtlar Ermənistanın revanşist müxalifətinin İrəvanda keçirdiyi mitinqlərə ara verdiyinin şahidi oluruq. Ancaq proseslərin ümumi gedişi və Ermənistanın “Vətən uğrunda Tavuş” müxalifət hərəkatının lideri Baqrat Qalstanyanın etiraz aksiyalarının coğrafiyasının genişləndirilməsi ilə bağlı təklifləri mitinqlərin yenidən baş qaldıracağı şübhəsi doğurur.

Bakıvaxtı.az xəbər verir ki, Baqrat Qalstanyan müxalifətin təsir dairəsini genişləndirmək və hərəkatın bütün Ermənistan ərazisini əhatə etməsi niyyətindədir.

Bəs Ermənistanın gündəmini diktə edən etiraz aksiyalarının səbəbi nədir?

Elşad Mirbəşir: Ermənistan işğalçılıq və təcavüzkar siyasətin girovluğundadır

Mövzu ilə bağlı deputat Elşad Mirbəşir Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Ermənistanda daxili siyasi gərginlik bundan sonra da qalacaq:

“Paşinyan hökumətinə qarşı çıxış edən kütlə onun Qarabağ məsələsində zəif mövqeyini əsas arqument kimi gətirirdilər. Əslində, bu, sadəcə olaraq bəhanədir, hakimiyyət uğrunda mübarizədir. Paşinyan da etirazçıların bu arqumentini əllərindən çıxartmaq istiqamətində də addımlar atırdı. Paşinyan da, komandasının üzvləri də Azərbaycana qarşı əsassız ittihamlar səsləndirirdilər. Eyni zamanda onu dəstəkləyən dairələr də ona dəstək nümayiş etdirməklə elə daxili auditoriya üçün belə bir təsəvvürlər formalaşdırmağa çalışırlar ki, Ermənistan gələcəkdə yenidən ilk fürsətdə Azərbaycana qarşı çıxa bilər”.

Deputat qeyd edib ki, Fransa ilə Ermənistan arasında hücum silahlarının verilməsi ilə bağlı razılaşmanın imzalanması, əlavə olaraq Ermənistanla Qərb arasında təhlükəsizlik məsələləri ilə bağlı intensiv müzakirələrin həyata keçirilməsi həm də Paşinyan hakimiyyətinin qorunmasına hesablanıb.

“Qərb Paşinyan rejimini öz əlində bir alətə çevirib, daha böyük geosiyasi mübarizəsi istiqamətində alət kimi istifadə etmək istəyir. Ona görə də onun hakimiyyətdə ömrünü maksimum uzatmağa çalışırlar. Amma bütün bunlara baxmayaraq, hesab edirəm ki, Ermənistan bütövlükdə bir dövlət olaraq vaxtilə Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq və təcavüzkar siyasətin girovluğundadır və uzun müddət də bu girovluqdan çıxa bilməyəcək”, - o bildirib.

E.Mirbəşir diqqətə çatdırıb ki, N.Paşinyan hökuməti konstitusiyada dəyişiklik etmək istəmir, bunu uzatmağa çalışır:

“Nümayiş etdirir ki, gələcəkdə Azərbaycana qarşı çıxmaq üçün bir istinad nöqtələri saxlamaq istəyir. Yəni Konstitusiya preambula hissəsində müstəqillik bəyannaməsinə istinad olunur ki, orada da Azərbaycana qarşı açıq şəkildə ərazi iddiaları yer alıb. Bunu Ermənistanın daxili işi adlandırır. Azərbaycanın Ermənistanın Konstitusiyasında dəyişikliyin edilməsi ilə bağlı qəti tələbi var. Ölkə prezidenti bununla bağlı bizim mövqeyimizi çox aydın ifadə edib və sülhün imzalanmasının əsas şərti kimi bunu təsbit edib. Paşinyan həqiqətən, sülh istəyirsə, Konstitusiyada dəyişikliyə mütləq getməlidir. Yox, bunu etmirsə, deməli, Azərbaycana qarşı ərazi iddialarını saxlayır. Bunu həm də daxili auditoriyaya nümayiş etdirir”.

Onun sözlərinə görə, Paşinyan hökuməti Azərbaycana olan əsassız ərazi iddialarından əl çəkmək niyyətində deyil:

“Bu, Ermənistanda hakimiyyətə gələcək bütün iqtidarların problemi, daxili siyasi mübarizənin predmeti olacaq. Sözsüz ki, daxili siyasi gərginlik Ermənistanın özünü inkişafdan saxlayır, bir dövlət kimi onu nüfuzdan salır. Bu, Ermənistan üçün bir dərs olmalıdır ki, işğalçılıq və təcavüzkarlıq siyasətindən birdəfəlik əl çəkməlidir. Əks halda, onun özünün bir dövlət kimi mövcudluğu sual altında olacaq”.

Müsahibimiz hesab edir ki, Ermənistanda bundan sonrakı mərhələdə də daxili siyasi gərginlik qalacaq və bu uzun müddət davam edəcək. Onun fikrincə, bunun bir səbəbi də ondan ibarətdir ki, Ermənistandakı siyasi rejim kənar dairələrin əlində bir alətdir:

“Ermənistanda daxildəki siyasi qüvvələr də əsas diqqətlərini hakimiyyət amilinə yönəldiblər. Bu baxımdan da ümumilikdə Ermənistanın gələcəyi ilə bağlı nikbin fikir söyləmək çox çətindir”.

İlqar Vəlizadə: Ermənistanda ola bilər ki, payız üçün müəyyən fəallıq olsun

Politoloq İlqar Vəlizadə Bakıvaxtı.az-a açıqlamasında qeyd edib ki, siyasi proseslər adətən payız aylarında aktivləşir:

“Ermənistanda ola bilər ki, payız üçün müəyyən fəallıq olsun. Amma indi yay aylarıdır, tətil vaxtıdır, habelə istilər hökm sürür. Ona görə də düşünürəm ki, Ermənistanda bu aylarda mitinq aktivliyi səngiyəcək”.

Onun sözlərinə görə, eyni zamanda, regionda da proseslər fəal şəkildə inkişaf eləmir:

“Bu baxımdan çətin ki, hazırkı dövrdə Ermənistan cəmiyyətini qıcıqlandıran hansısa hadisələr baş versin. Çünki bu nümayişlərə təkan verən əsas səbəb siyasi proseslərin gedişidir, sabitlik olanda belə gözləntilər də aşağı düşür”.

Günel Abbas


SON XƏBƏRLƏR

07 Iyul 2024
06 Iyul 2024