• Bakı C

    2.16 m/s

  • USD - 1.7

    EUR - 1.7513

    RUB - 1.6667

İran-İsrail gərginliyi bölgəyə necə təsir edəcək? - AÇIQLAMA

SİYASƏT

03 Avqust 2024 | 14:56

İran-İsrail gərginliyi bölgəyə necə təsir edəcək? - AÇIQLAMA

Dünən İranın İsrailə qarşı sərgilədiyi mövqe beynəlxalq münasibətlərdə yeni diplomatik gərginliyi əks etdirir. 

Bu yeni vəziyyətin analizi onu göstərir ki, proseslər yalnız İran və İsrail arasındakı problemləri deyil, həm də bölgədəki daha geniş geosiyasi dinamikləri və qlobal siyasəti əhatə edir.

İranın İsrailə qarşı sərgilədiyi bu sərt mövqe, həm regional təhlükəsizlik, həm də beynəlxalq diplomatiya sahəsində əhəmiyyətli təsirlərə səbəb ola bilər. 

Bakıvaxtı.az İranın yeni mövqeyinin səbəblərini və onun beynəlxalq aləmdəki mümkün təsirlərini politoloqla araşdırıb.

Politoloq Kazım Kazımov saytımıza bildirib ki, bu mövqeyə əsas səbəb İsmayıl Haniyənin qətlə yetirilməsidir:

“Haniyənin ölümü İran üçün şok doğuran bir hadisə idi. HƏMAS-İsrail arasında sülh danışıqlarını aparan bu şəxsin xüsusi xidmət orqanları tərəfindən öldürülməsi və planlaşdırılmış əməliyyat vasitəsilə məhz Tehranda qətli onu göstərir ki, İsrail İrana mesaj verir. Çünki, Haniyənin öldürüldüyü binanın ərazisində həmin ölkənin hökumət orqanlarına aid bir çox qurumlar fəaliyyət göstərir”.

İrana qarşı mövqelərin dəyişdiyini vurğulayan Kazım Kazımov İslam Respublikasında təhlükəsizlik məsələlərinin sual altında olub-olmaması ilə bağlı suala belə aydınlıq gətirib:

“Hazırda İran tərəfi və əhalinin beynində çox sual var. Bu suallardan biri də odur ki, İranda təhlükəsizlik məsələləri nə yerdədir? Tehran kimi böyük bir şəhərə dəvət edilmiş xüsusi qonağın qətlə yetirilməsi son dərəcə ciddi problemdir. Şübhəsiz ki, rəsmi İranın cavabı gec olmayacaq”.

Politoloqun toxunduğu maraqlı nüanslardan biri də baş vermiş terror aktının hələ də İsrail tərəfinin öz üzərinə götürməməsi mövzusu olub:

“Hamı deyir ki, hadisəni İsrail həyata keçirib. Lakin heç bir İsrail rəsmisi və ya hökumət orqanı baş vermiş qətlin onlar tərəfindən həyata keçirildiyini üstlənməyib. Ona görə də, bu məsələ İranın İsrailə qarşı hücum əməliyyatı planlaşdırması mövzusunda maneələr yaradır”.

Baş verəcəklərlə bağlı proqnoz verən siyasi şərhçi qeyd edib ki, bir çox hadisənin olacağı ehtimal edilir:

“Rəsmi İran əldə fakt olmasa da, İsraili bu ilin aprel ayında olduğu kimi hava hücumu ilə də, İrana məxsus və yaxın olan İraq, Suriya, Yəmən və Livandakı qüvvələr tərəfindən də hədəf ala bilər”.

Politoloq sonda baş verməsi ehtimal edilən hadisələrin nəticələrindən də danışıb:

“İranın İsrailə qarşı sərgilədiyi yeni mövqe regional və beynəlxalq səviyyədə ciddi təsirlərə yol açma potensialına malikdir. Bu dəyişiklik yalnız İran və İsrail arasındakı münasibətlərdə deyil, həm də digər güc mərkəzləri və beynəlxalq təşkilatlar arasında gərginliklərin artmasına səbəb ola bilər. İranın strateji məqsədləri və beynəlxalq münasibətlərdəki rolu, bu yeni mövqenin necə inkişaf edəcəyinə və regional təhlükəsizlik mühitinə olan təsirlərinə yön verəcək. Bu baxımdan mövcud vəziyyətin diqqətlə izlənməsi və təhlili, gələcəkdəki geosiyasi hadisələri anlamaq baxımından mühüm əhəmiyyət kəsb edir”.

Əli Hüseynov


SON XƏBƏRLƏR