• Bakı 20° C

    4.47 m/s

  • USD - 1.7

    EUR - 1.9717

    RUB - 2.3884

Ermənistanın Qərbə meyli regionda nəyi dəyişir? – Zülfüqarovdan AÇIQLAMA

SİYASƏT

21 May 2026 | 11:10

Ermənistanın Qərbə meyli regionda nəyi dəyişir? – Zülfüqarovdan AÇIQLAMA

“İndiki mərhələdə Ermənistan baş naziri Nikol Paşinyan bəlli bir strategiyanı həyata keçirməyə çalışır”. 

Bu barədə keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Bakıvaxtı.az-a açıqlamasında deyib. 

Həmsöhbətimiz  bildirib ki, Paşinyan bir növ vaxtı uzatmaq strategiyasını tətbiq edir: 

“Bir çox praktiki məsələlərdə biz görürük ki, real bəyanatların ardınca praktiki addımlar atılmır. Məsələn, Rusiya ilə əməkdaşlıqda tənqidi məqamlar gündəmə gətirilir, siyasi bəyanatlar səsləndirilir".

Onun sözlərinə görə, hərbi baxımdan Rusiyanın Ermənistandakı infrastrukturu R.Koçaryanın vaxtında necə idisə, o cür də qalıb: 

"Digər tərəfdən, məsələyə belə baxaq. Ermənistan kimin müttəfiqi olsa bizim üçün daha yaxşıdır. Rusiyanın, yoxsa Qərbin? Mən hesab edirəm ki, İrəvanın zəifləmiş Rusiya ilə müttəfiqliyin davam etməsi bizim üçün daha əlverişlidir”. 

T.Zülfüqarov vurğulayıb ki, Qərb Rusiyanı Ermənistanda əvəzləmək üçün ciddi təşəbbüslər göstərir: 

“Fransa Ermənistanla hərbi sazişlər bağlayır, silah-sursat yardımı edir. Hindistan silahları da Qərb şirkətlərinin lisenziyası əsasında istehsal olunur və Ermənistana göndərilir. Yəni Fransanın icazəsi olmasa, bu silahların Hindistandan Ermənistana eksportu qeyri-mümkündür. Yəni demək istəyirəm ki, Ermənistandakı siyasi qarşıdurmalar hansısa illuziyalar yaratmamalıdır".

Tofiq Zülfüqarovun dediyinə görə, biz hansı siyasi qüvvənin bizə daha lazımlı olduğunu düşünməməliyik:

"Ermənistan daim kənar bir gücün himayəsi altındadır və müstəqil siyasət yürütməsi mümkün deyil. Paşinyan da indi deyir ki, Rusiyanın orbitindən çıxıb Qərbə gedəcək. Bu da o anlama gəlir ki, Paşinyan hökuməti regionda Qərbin dayaq nöqtəsi olacaq”.

Aydın Baxış


SON XƏBƏRLƏR

20 May 2026