• Bakı 26° C

    6.91 m/s

  • USD - 1.7

    EUR - 1.8828

    RUB - 0.0188

Ermənistanın silahlandırılması İran və Rusiyanı daha çox narahat edir

SİYASƏT

08 Avqust 2024 | 12:19

Ermənistanın silahlandırılması İran və Rusiyanı daha çox narahat edir

“Amerikanın Ermənistana təhvil verdiyi silahlar xüsusən İran sərhədində yerləşdiriləcək və bu silahlar mahiyyət etibarilə yalnız Ermənistanın müdafiəsi deyil, regiona nəzarət xarakteri daşıyır”.

Bu barədə Bakıvaxtı.az-a hərbi-siyasi ekspert Həşim Səhrablı bildirib.

O qeyd edib ki, ABŞ-nin Ermənistanı silahlandırmaqla Azərbaycana qarşı onun “əlini gücləndirməyə” çalışması inandırıcı deyil:

“Bəlkə də bu məqsədləri var, amma belə görünür ki, onlar bununla kifayətlənmirlər. Əslində hazırda qlobal qarşıdurma güclənib. Rusiya və İran bir blokdadır. Amerika və ona yaxın dairələr fərqli bir blokda daha radikal şəkildə qruplaşıblar. Ermənistan tərəfi isə öz seçimini Nikol Paşinyan səviyyəsində Qərb blokundan yana edib. Görünən odur ki, rəsmi Vaşinqton Ermənistanı özünün bölgədəki forpostuna çevirməyə çalışır. Yəni Vaşinqtonun əsas niyyəti Ermənistanı qorumaqla onu bir dövlət kimi özünün Rusiya və İrana arşı geosiyasi mübarizəsində istifadə etməkdir. Məsələlərə bu rakursdan yanaşmalıyıq. Ermənistanı silahlandırmaq və bu ölkədə hərbi təlimlər keçirmək kimi addımları təkcə Cənubi Qafqazla məhdudlaşdırmamalıyıq. Bu, həm də regiona, bütün Yaxın Şərqə və Şərqi Avropaya nəzarət mexanizminin formalaşdırılmasından xəbər verir. Bu da Amerika və onun formalaşdırdığı Kollektiv Qərb Blokunun həyata keçirdiyi addımdır”.

H.Səhrablı düşünür ki, bu məsələdə Azərbaycandan çox narahat olan ölkələr olacaq:

“Bu ölkələr İran və Rusiyadır. Çünki onlar da fərqindədirlər ki, Ermənistanın silahlandırılması, bu ölkənin hərbi-siyasi yolunun, eləcə də istiqamətinin dəyişməsi birbaşa Qərbin maraqlarına xidmət edir”.

Müsahibimiz qeyd edib ki, məlum yanaşma Rusiya və İranın isə maraqlarına ziddir. Onun sözlərinə görə, Moskva və Tehran bu kimi addımlara qarşı fərqli yol axtaracaq, öz narazılıqlarını bildirəcəklər:

“Hətta bu məsələ söz və siyasi bəyanatlardan ibarət olmayacaq. Ermənistanı cəzalandırmaq üçün yollar düşünülə bilər. Əvəllər Rusiya Ermənistanı itirməmək yolunu tuturdu. Çalışırdı ki, Ermənistanı Paşinyan səviyyəsində cəzalandırsın, amma dövlət olaraq, Ermənistanı yenə özünün proyekt dövləti kimi idarə edirdi. Ancaq illər keçib, Rusiya hər nə qədər çalışsa da görür ki, erməni xalqı Paşinyanın ətrafında sıx birləşib və onu devirmək istəmir. Etirazlar da kütləviləşmədi və Nikol Paşinyan hələ də dövlətin başındadır. Belə olan halda artıq şimal qonşumuzun bir nöqtədən sonra Ermənistanı cəzalandırmaq addımının dövlət səviyyəsinə keçməsini görə bilərik. Bu, iqtisadi və hərbi-siyasi müstəvidə ola bilər. Ermənistanın özünə çəki-düzən verməsi üçün Kreml radikal addımlar ata bilər. Bu isə Cənubi Qafqazda geosiyasi hərəkətliliyi artıra bilər. Bölgədə mövcud olan gərginlik pik həddə çatar”.

Həşim Səhrablı, hərbi-siyasi ekspert

Ekspert hesab edir ki, Azərbaycan bu məsələdə öz maraqları və tarixi hüquqlarının bərpası prizmasından hər hansı tədbirlər həyata keçirə bilər:

“Dəfəflərlə görmüşük ki, Azərbaycanın hərbi-siyasi rəsmiləri qeyd ediblər ki, Ermənistanın silahldırılması bölgədə yeni münaqişələr yaratma cəhdlərinin bir parçasıdır. Bu, həqiqətən də belədir. Hər kəsə məlumdur ki, Ermənistan həm dövlət, xalq olaraq revanşistdir, qəddardır, özünün olmayanları özününküləşdirməyə meyillidir. Onlar hələ də “Böyük Ermənistan” xülyasından ayılmayıblar. Bunu reallaşdırmaq üçün hər şey etməyə hazırdırlar. Bütün hallarda Azərbaycan tərəfi Ermənistanın silahandırılması, onun yenidən müharibəyə ruhlandırılmasını özünün gələcək sabitlik və suverenliyinə təhlükə kimi qiymətləndirə bilər. Belə qənaətə gəlinir ki, təhlükə böyümədən rəsmi Bakı preventiv tədbirlər görmək məcburiyyətində qala bilər. Bu tədbirlərin mahiyyətini isə proseslərin gedişində müşahidə edə bilərik. Ermənistan yenə də revanşist əməllərindən əl çəkməyəcəksə, onda Azərbaycan məcbur qalacaq və əks tədbirlər görəcək. Yox əgər Ermənistan sülh və sabitlik yolunu tutacaqsa, bu halda Azərbaycan bölgədəki proseləri öz milli maraqları çərçivəsində, dinc yolla həll etməyə çalışacaq”.

Aydın Baxış

 


SON XƏBƏRLƏR

09 Sentyabr 2024