“Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyanın məlum video-materiallarının məhz indiki məqamda üzə çıxması diqqətçəkəndir”.
Bunu Bakıvaxtı.az-a açıqlamasında Azad Vətən Partiyasının sədri Akif Nağı deyib.
Onun sözlərinə görə, bu videonun indi gündəmə gəlməsi hazırda Ermənistanda gedən proseslərlə bağlıdır:
"Nikol Paşinyan və onun tərəfdarları ilə keçmiş hakimiyyətlərin nümayəndələri qarşı-qarşıyadır. "Qarabağ klanı" deyilən qruplaşmaların İrəvan hökumətinə qarşı son günlərdə təzyiqləri artmaqdadır və müxtəlif üsullarla mübarizə aparırlar. İndiki və keçmiş hakimiyyətlər bir-birinə qarşı kompromatlar hazırlayırlar. Eks-prezident Levon Ter-Petrosyan da bu "kompromat savaşı"nın içindədir. Paşinyan vaxtı ilə Serj Sarkisyan və Robert Koçaryana qarşı xeyli kompromat ortaya qoyub, vaxtaşırı onları ifşa edən açıqlamalar verib, videolar yaydırıb və s.”
Müsahibimizə görə, ancaq maraqlı odur ki, belə mübarizə eyni zamanda üstü örtülmüş bir çox həqiqətləri də gün üzünə çıxarır. A.Nağı bildirib ki, böyük ehtimal Azərbaycanın xüsusi xidmət orqanları da bu istiqamətdə çalışırlar ki, ermənilərin iyrənc siyasətini ifşa etsinlər. Nəticədə ermənilərin vandal və işğalçılıq siyasəti, qeyri-bəşəri davranışları üzə çıxmaqdadır.
Həmsöhbətimiz sabiq prezident Ter-Petrosyanın qandonduran ifadəsini də xatırladıb:
"1992-ci ildə Levon Ter-Petrosyanın bir ifadəsi yayılmışdı. Deyirdi ki, "Qarabağda dinc əhalini, qadınları, uşaqları, qocaları qətlə yetirməsəniz qələbə əldə olunmayacaq". Yəni öz əsgərlərinə müraciət edirdi ki, azərbaycanlılara rəhm olunmasın. Serj Sarkisyan da Xocalı ilə bağlı bənzər ifadələr səsləndirmişdi. Bunların hamısı mələk donu geyinmiş canavarlardır”.
Akif Nağı: Ermənilər Ermənistanı monoetnik dövlətə çevirdikləri üçün fəxr edirlər
“Artıq ermənilərin iyrənc sifətləri ortalıqdadır. İndi görək dünya ictimaiyyəti bunlara nə reaksiya verəcək, nə deyəcək? Yəqin ki, digər fatklar da ortaya çıxacaq” deyən Akif Nağı vurğulayıb ki, qeyri-ermənilərə, xüsusən azərbaycanlılara qarşı faşist ideologiyası ilə çıxış etmək qəbuledilməzdir. Onun sözlərinə görə, ermənilər Ermənistanı monoetnik dövlətə çevirdikləri üçün fəxr edirlər:
“Ona görə də dünya tərəfindən qınanmalıdırlar, beynəlxalq tribunallarda cavab verməlidirlər. Göründüyü kimi, ermənilər hər fürsətdə həm də tarixi saxtalaşdırmağa çalışırlar. Ter-Petrosyan "600 illik erməni məsələsi"ndən danışır, uydurmalar səsləndirir".
Qeyd edək ki, tanınmış videobloqer Albert İsakov özünün “YouTube” kanalında erməni mənbələrinə istinadən Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın 1993-cü il iyulun 23-də “Yerkrapa” terror təşkilatının üzvləriylə görüşündən videogörüntüləri paylaşıb.
Həmin görüşdə Ter-Petrosyanın Ağdamın işğalı ilə bağlı çıxışı da yer alıb. Video ilk dəfədir internetdə yayılıb.
Böyük ehtimalla bu videonu Paşinyanın ətrafı həm Ter-Petrosyanın özünü, həm də onun rəhbərlik etdiyi “Erməni Milli Konqresini” ifşa etmək üçün sızdırıb.
Xatırladaq ki, Paşinyan bundan əvvəl Ermənistanın ilk üç prezidentini Azərbaycanla apardıqları danışıqlarla bağlı debata çağırmışdı. Baş nazirin çağırışına kəskin etirazını bildirən Ter-Petrosyan onu Qarabağı satmaqda ittiham etmişdi. Albert İsakovun təqdim etdiyi videogörüntülər isə Levon Ter-Petrosyanın bütün mahiyyətini ortaya qoyur.
Ter-Petrosyan azərbaycanlıların Ermənistandan qovulmasını böyük uğur hesab edir və yalnız bundan sonra Ermənistanın müstəqil olduğunu sübut etməyə çalışır: “Bizim ən böyük xoşbəxtliyimiz odur ki, biz milislərimizin işini təşkil etdik. Yaradılan silahlı dəstələr ordumuzun dayağı oldu. Beləliklə, biz hələ Ermənistan və Azərbaycan müstəqillik əldə etməmişdən əvvəl çox böyük təcrübə qazanmışdıq”. Ter-Petrosyanın sözlərinə görə, bu hərəkat sayəsində Ermənistan və Qarabağ erməni xalqının 600 il ərzində həll edə bilmədiyi bir problemi həll etmişdi. Ermənistanın birinci prezidenti etiraf edir ki, azərbaycanlıların qovulması Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış edən erməni şovinistlərinin siyasətinin tərkib hissəsi olub. Əslində Ermənistanda Basarkeçərdə, Uluxanlıda, Amasya və ümumilikdə Zəngəzurda əhalinin əksəriyyətini təşkil edən azərbaycanlılara qarşı qəsdən və ilkin olaraq etnik təmizləməyə hazırlaşıblar. Ter-Petrosyanın yuxarıdakı sözləri Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın Xocalı soyqırımı ilə bağlı bəyanatıyla eynidir. Sarkisyan Xocalıda ermənilərin azərbaycanlı dinc əhaliyə qarşı qırğınlar törətdiyini faktiki olaraq etiraf edib.
Aydın Baxış