• Bakı C

    14.42 m/s

  • USD - 1.7

    EUR - 1.7519

    RUB - 1.7036

Aİ-nin Ermənistan missiyası: sülhə töhfə, yoxsa xarici maraqların aləti?

SİYASƏT

04 Fevral 2025 | 16:54

Aİ-nin Ermənistan missiyası: sülhə töhfə, yoxsa xarici maraqların aləti?

Avropa İttifaqının (Aİ) Ermənistandakı mülki missiyasının Cənubi Qafqazdakı rolu və fəaliyyəti müzakirə mövzusu olaraq qalır.

Bu missiyanın bölgədə sülhə və sabitliyə töhfə vermək əvəzinə, əsasən müşahidə funksiyası icra etməsi ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Azərbaycan tərəfi missiyanın obyektiv və faydalı fəaliyyət göstərmədiyini, əksinə, bölgədə xarici maraqların gücləndirilməsi məqsədinə xidmət etdiyini bildirir.

Sual yaranır: Avropa İttifaqının Ermənistandakı mülki missiyasının Cənubi Qafqazdakı rolu nə dərəcədə əhəmiyyətlidir?

Azad Vətən Partiyasının sədri Akif Nağı bu məsələ ilə bağlı fikirlərini Bakıvaxtı.az-la bölüşüb.

Onun sözlərinə görə, Avropa İttifaqının mülki missiyasının Cənubi Qafqazda, Ermənistanda olması əhəmiyyətsizdir. Ötən müddət də göstərdi ki, şərti sərhədlərin yaxınlığına yerləşdirilmiş missiyanın əsas fəaliyyəti binoklla Azərbaycan tərəfini izləməkdir. Müsahibimiz qeyd edib ki,  Aİ missiyası real və faydalı işlə məşğul olmur: 

"Məqsəd Avropa Birliyinin Ermənistan üzərindən öz mövqeyini Cənubi Qafqazda möhkəmləndirməsidir. Baş rolda da Fransadır. Paris imkan vermir ki, missiyanın fəaliyyəti sonlandırılsın. İrəvana da öz maraqları çərçivəsində təzyiq göstərirlər. Onların bölgədə qalmasının bölgədə sülh və sabitliyin yaranmasına heç bir töhfəsi yoxdur. Missiya ona görə regionda qalmaqda israrlıdır ki, çünki hələlik istədiklərini əldə edə bilməyiblər. Ancaq qəbul etməlidirlər ki, artıq heç bir kənar gücün regionda gedən proseslərə təsir imkanları yoxdur. Nə Rusiyanın, nə də ABŞ və Avropanın təsir imkanları əvvəlki kimidir. Buna baxmayaraq, əllərindən gələni edir, məqsədlərinə nail olmaq üçün ciddi cəhd göstərirlər". 

Akif Nağı: Bütün proseslər Bakının maraqları yönündə irəliləyir

Partiya rəhbəri xatırladıb ki, keçmiş Bayden administrasiyası Ermənistanla tələsik strateji tərəfdaşlıq sazişi imzalamaqla, Ermənistana yerləşmək məqsədi güdürdü: 

"Müəyyən əlaqələr də qurulmuşdu. Ermənistan ordusunda Amerikalı təlimçilər çalışırdı. Nəticədə proseslər Bakının maraqları yönündə irəliləyir. Azərbaycan-Ermənistan arasında sülh danışıqları ikitərəfli qaydada gedir. Sülh müqaviləsinin mətni də hazırdır və razılaşdırılmamış bəndlərlə bağlı danışıqlar davam etdirilir. Yəni ləng də olsa, proses gedir".

Son olaraq A.Nağı diqqətə çatdırıb ki, hazırda iki ölkə arasında sərhəd probleminin həllində irəliləmə müşahidə edilir:

"Sərhədlərin delimitasiya və demarkasiyası prosesində də irəliləyişlər var. Ona görə də kənar güclərin bölgədə gedən proseslərə müdaxiləsinə imkan vermək olmaz. Ümid edək ki, onlar öz səmərəsiz fəaliyyətini görüb özləri çıxıb gedəcəklər. Bu, bölgədə sülhün təmin edilməsi və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi üçün mühüm addımdır. Regional sabitliyin qorunması isə yalnız birbaşa tərəflərin iradəsi və əməkdaşlığı ilə mümkün ola bilər".

Aydın Baxış


SON XƏBƏRLƏR

04 Fevral 2025