Yaxın Şərqdə gərginlik yenidən artdığı bir vaxtda ABŞ-ınin ardıcıl açıqlamaları və diplomatik addımları diqqət mərkəzinə çevrilib. Vaşinqtonun proseslərə təsir imkanlarının artması isə bölgədə vəziyyətin hansı istiqamətdə inkişaf edəcəyi ilə bağlı sualları daha da aktuallaşdırır: ABŞ sabitlik yarada biləcək, yoxsa prosesləri daha da mürəkkəbləşdirəcək?
Mövzuyla bağlı Bakıvaxtı.az-a danışan politoloq Elçin Xalidbəyli bildirib ki, hələlik Yaxın Şərqdə ABŞ-nin qarşıya qoyduğu hədəflər yerinə yetirilməmiş qalır. Hətta demək olar ki, ABŞ-nin bu mərhələ ilə bağlı planları müəyyən mənada pozulub. Buna görə də ABŞ hazırkı situasiyada ciddi tərəddüd və çaşqınlıq içərisindədir:
"Yəni növbəti mərhələdə ABŞ-nin hansı addımları atacağı qeyri-müəyyən xarakter daşıyır. Çünki ABŞ-nin NATO üzrə müttəfiqləri də Tramp administrasiyasının dəstək çağırışlarına müsbət reaksiya verməkdən imtina edirlər. Mövcud vəziyyət onu göstərir ki, ABŞ yaxın mərhələdə müəyyən mənada savaş bataqlığına düşmək üzrədir".
.jpg)
Elçin Xalidbəyli: ABŞ-nin vəziyyəti sabitləşdirə biləcəyinə inanmaq bir qədər çətindir
Politoloqun sözlərinə görə, üstəlik, İsrail istisna olmaqla, ABŞ bu savaşda faktiki olaraq tək qalır və digər müttəfiqlərdən ciddi dəstək müşahidə olunmur. Bu səbəbdən indiki situasiyada ABŞ-nin vəziyyəti sabitləşdirə biləcəyinə inanmaq bir qədər çətindir. Böyük ehtimalla proseslər daha da mürəkkəbləşəcək və bunun ilkin əlamətləri artıq görünməkdədir:
"Savaşın müddəti uzandıqca ABŞ üçün problemlər də artır. Maliyyə itkiləri, hədəflərdən uzaq qalma, eyni zamanda Tramp administrasiyasına qarşı Amerika cəmiyyətində narazılığın güclənməsi - bütün bunlar növbəti mərhələdə atılacaq addımlara birbaşa təsir edən amillərdir.
Bu baxımdan, hazırkı vəziyyətdə ABŞ-nin savaş bataqlığından itkisiz və ya az itkilərlə çıxma ehtimalı getdikcə azalır. Tramp administrasiyası belə çıxış yollarını axtardığını gizlətmir".
Zeynəb Rzayeva
Bakı 




