“Fitch Ratings” beynəlxalq reytinq agentliyi 2025-ci ildə Azərbaycanın ümumi dövlət borcunun ÜDM-in 21,8 %-ni təşkil edəcəyini proqnozlaşdırır.
Bakıvaxtı.az “Fitch”ə istinadən bildirir ki, bu səviyyənin ortamüddətli perspektivdə sabit qalacağı gözlənilir.
Agentliyin proqnozuna görə, 2026-cı ildə bu göstərici ÜDM-in 21,3 %-nə qədər azalacaq, növbəti illərdə isə yenidən artmağa başlayacaq: 2027-ci ildə ÜDM-in 22,9 %-nə, 2028-ci ildə 24,7 %-nə, 2029-cu ildə 25,8 %-nə, 2030-cu ildə isə 26,4 %-nə bərabər olacaq.
“Fitch”in məlumatına görə, 2024-cü ildə ümumi dövlət borcu da ÜDM-in 21,8 %-ni təşkil edib.
Eyni zamanda, Beynəlxalq Valyuta Fondunun (IMF) proqnozlarına görə, 2025-ci ildə Azərbaycanın ümumi dövlət və dövlət zəmanətli borcu ÜDM-in 27,6 %-nə çatacaq. Bu göstərici növbəti illərdə də artmağa davam edərək 2026-cı ildə ÜDM-in 28,6 %-ni, 2027-ci ildə 28,9 %-ni, 2028-ci ildə 29,1 %-ni, 2029-cu ildə 29,6 %-ni, 2030-cu ildə 29,4 %-ni təşkil edəcək.
Azərbaycan Maliyyə Nazirliyinin proqnozlarına görə, 2025-ci ilin sonuna dövlət borcunun (xarici və daxili) ümumi məbləği 29,004 milyard manat (proqnozlaşdırılan ÜDM-in 22,2 %-i) təşkil edəcək, 2026-cı ilədək isə 32,7 milyard manata (ÜDM-in 20,1 %-i) yüksələcək.
Rəsmi statistikaya görə, 2025-ci il aprelin 1-nə dövlət borcunun ümumi məbləği 26,628 milyard manat təşkil edib. Bunun 8,627 milyard manatı (5,075 milyard ABŞ dolları) xarici borcun payına düşür ki, bu da ÜDM-in 6,6 %-nə bərabərdir. Daxili borcun payı isə 18,001 milyard manat və ya ÜDM-in 13,8 %-ni təşkil edir.
Xarici dövlət borcunun 49 %-i 5 ilə qədər olan müddətdə, 44,2 %-i 5 ildən 10 ilə qədər olan müddətdə, 5,9 %-i isə 10 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır.
Xarici dövlət borcunun 63,3 %-i çoxtərəfli maliyyə institutları üzrə, 27 %-i xarici bazarda yerləşdirilmiş avrobondlar üzrə, 9,7 %-i isə ikitərəfli maliyyə institutlarından cəlb edilmiş kreditlər üzrə öhdəliklərin payına düşüb. Ən böyük kreditorlar Asiya İnkişaf Bankı (35,1 %), avrobond sahibləri (27 %) və Dünya Bankıdır (15,8 %).