Fransada islamofobiya ilə bağlı iddialar son dövrlərdə daha çox müzakirə olunmağa başlayıb. Bu məsələ cəmiyyət və siyasət səviyyəsində fərqli yanaşmalar doğurur.
Bu tendensiya sistemli dövlət siyasətidir, yoxsa ayrı-ayrı mövqelərin ümumiləşdirilmə?
Mözvuyla bağlı Bakıvaxtı.az-a danışan politoloq Zeynal Əmrəliyev bildirib ki, Fransada islamofobiyanın güclənməsi formal olaraq dövlət siyasəti hesab olunmaya bilər. Lakin proses elə bir mərhələyə gəlib çatıb ki, bu, artıq faktiki olaraq dövlət siyasəti xarakteri daşıyır. Çünki Fransa siyasətindəki ənənəvi siyasi qrupların demək olar ki, hamısı bu tendensiyada iştirak edir və ölkədə islamın sıxışdırılması prosesi uzun müddətdir davam edir.
.jpeg)
Zeynal Əmrəliyev: Fransa islamafobiya ilə ən böyük zərəri özünə vurur
Politoloqun sözlərinə görə, İkinci Dünya Müharibəsindən sonra Fransada hakimiyyətdə olan siyasi qüvvələr Avropanın ənənəvi dəyərlərini və xristian mühafizəkarlığını daha fəal şəkildə təbliğ etməyə başlayıblar. Maraqlıdır ki, bu yanaşma həm sağ, həm sol siyasi düşərgədə, eləcə də mərkəzçi qüvvələrdə müşahidə olunur. 2017-ci il seçkilərində qalib gələn Emmanuel Makronun rəhbərlik etdiyi siyasi xətt daxilində də bu meyllərin şahidi olmaq mümkündür:
"Bu, əlbəttə ki, qəbuledilməzdir və gələcəkdə Fransa üçün ciddi risklər yarada biləcək bir məsələdir. Ümumilikdə, islamofobiya Fransanın xarici siyasətində də problemlərə səbəb olub. Xüsusilə müsəlman ölkələri və keçmiş müstəmləkələrlə münasibətlərin gərginləşməsində bu amilin rolu danılmazdır".
Müsahibimiz qeyd edir ki, bu proseslər bu gün də davam edir. Məsələn, Fransanın Azərbaycana münasibəti - istər müharibədən əvvəl, istər müharibə dövründə, istərsə də post-müharibə mərhələsində - çox vaxt islamofobiya və türkofobiya ilə izah olunur. Bu yanaşmanı yalnız Azərbaycan timsalında deyil, digər ölkələrə münasibətdə də müşahidə etmək mümkündür:
"Nəticə etibarilə, bu cür siyasət istər-istəməz dövlət siyasətinə də təsir edir və uzunmüddətli perspektivdə ən böyük zərəri Fransanın özünə vurur. Bu baxımdan, belə yanaşmanın dəyişdirilməsi zəruri hesab olunur".
Zeynəb Rzayeva
Bakı 




