• Bakı 16° C

    5.83 m/s

  • USD - 1.7

    EUR - 1.9908

    RUB - 2.1208

Füzulidə növbəti Şəhər Günü qeyd olunur - FOTOLAR

CƏMİYYƏT

17 Oktyabr 2025 | 17:32

Füzulidə növbəti Şəhər Günü qeyd olunur - FOTOLAR

Füzuli müasir tariximizə şanlı Zəfərlə yazılan 44 günlük Vətən müharibəsində düşmən işğalından azad olunan ikinci şəhərdir. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixdə imzaladığı Sərəncamla Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib. 17 oktyabr Füzuli Şəhəri Günü kimi təqvimimizə daxil olub.

Bakıvaxtı.az xəbər verir ki, Mədəniyyət Nazirliyi və Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin birgə təşkilatçılığı ilə artıq üçüncü ildir oktyabrın 17-də Füzulidə bayram şöləni – Şəhər Günü keçirilir.

Füzuli Şəhəri Gününün tədbirlər silsiləsi Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə başlanıb. Məktəbin böyük zalında Füzuli Dövlət Dram Teatrının təqdimatında məşhur fransız nağıl yazıçısı Şarl Perronun (1628-1703) "Çəkməli pişik" tamaşası nümayiş olunub.

Tamaşanın quruluşçu rejissoru Emin Abışov, quruluşçu rəssamı Ellinaz Balaşova, səhnələşdirən Murad Mirzəzadə, musiqi tərtibatçısı Sənan Sevindikzadə, rejissor assistenti Gülgəz Soltanovadır. 

Tamaşada rolları Anar Buludov, Vüsal Həsənov, Sahilə Abbasova, Şəbnəm Baxışova, Vüqar İsmayılov, Püstə Əhmədova, Rahibə Baxşəliyeva, Günay Çobanzadə, Qəlbinur Əhmədli və Emin Abışov ifa ediblər.

Tamaşa siçovulların fermaya hücumu ilə başlayır. Onlar dəfələrlə heyvanların yaşadığı fermaya basqın edərək azuqələri aparır, böyük ziyan vururlar. Ferma heyvanları çıxış yolunu yalnız Çəkməli pişikdə görürlər. Lakin bundan sui-istifadə edib özünü Çəkməli pişik kimi göstərənlər də tapılır. Ancaq heyvanlar bu yalana inanmırlar. Nəhayət, əsl Çəkməli pişik tapılır və heyvanlara kömək etməyə qərar verir. O, siçovulların başçısını taparaq hiylə ilə ona dostluğun, bir-birinə hörmət və sevgi ilə yanaşmağın nə qədər dəyərli olduğunu anladır.  

Səhnə əsəri uşaqlara heyvanların dili ilə dostluq, yoldaşlıq və həmrəylik kimi əxlaqi-mənəvi dəyərləri aşılayır.

Məktəbin şagirdləri tamaşanı böyük maraq və alqışlarla qarşılayıblar.


SON XƏBƏRLƏR