Quduzluğa qarşı vaksinasiya üçün preparat ehtiyatı kifayət qədərdir.
Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Xüsusi təhlükəli infeksiyalar şöbəsinin müdiri Aytəkin Qurbanova qurumun canlı yayımında çıxışı zamanı deyib.
Qurum rəsmisi bildirib ki, quduzluq və tetanusun profilaktikasında istifadə olunan bütün preparatlar ölkədə kifayət qədər mövcuddur və onların tibb müəssisələrində vaxtında təmin olunmasına daimi nəzarət edilir.
Onun sözlərinə görə, həm uşaqlar, həm də böyüklər üçün vaksinasiya sxemi eynidir. Məlum heyvan tərəfindən dişlənmə zamanı peyvənd müraciət günü, 3-cü və 7-ci günlərdə vurulur. Heyvan naməlumdursa, 10 gün ərzində müşahidə oluna bilmirsə və ya bu müddətdə tələf olursa, əlavə olaraq 14-cü və 28-ci günlərdə də vaksin tətbiq edilir.
“Antirabik vaksin quduzluq xəstəliyinin profilaktikası, antirabik immunoqlobulin təcili profilaktika, AST anatoksin isə tetanusun profilaktikası məqsədilə istifadə olunur. Müalicə kursu ümumilikdə təxminən bir ay – 28-29 gün davam edir”, – deyə Aytəkin Qurbanova bildirib.
Şöbə müdiri qeyd edib ki, vaksinasiya dövründə ağır fiziki yüklənmədən və stressdən uzaq durmaq tövsiyə olunur. İdmanla peşəkar məşğul olmayan şəxslərin gərgin fiziki fəaliyyətini məhdudlaşdırması, spirtli içkilərdən çəkinməsi məqsədəuyğundur.
Aytəkin Qurbanova vurğulayıb ki, antirabik vaksinin tətbiqi üçün xüsusi əks göstəriş yoxdur. Onun sözlərinə görə, vaksin hamilə qadınlara da təhlükəsiz şəkildə tətbiq edilə bilər. Yalnız hormonal preparatlar qəbul edən şəxslərdə əsas müalicəni aparan həkim tərəfindən dərman qəbulu fərdi qaydada tənzimlənməlidir ki, vaksinin effektivliyi tam təmin olunsun.
Zeynəb Rzayeva
Bakı 



