Ev şəraitində saxlanılan heyvanların vaxtında peyvənd olunması həm onların, həm də insanların sağlamlığının qorunması baxımından mühüm əhəmiyyət daşıyır.
Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Xüsusi təhlükəli infeksiyalar şöbəsinin müdiri Aytəkin Qurbanova qurumun “Instagram” hesabında keçirilən canlı yayım zamanı deyib.
O bildirib ki, heyvan saxlayan hər bir şəxs onun sağlamlığına görə məsuliyyət daşıyır və heyvan mütəmadi olaraq baytar nəzarətindən keçirilməli, bütün peyvəndləri vaxtında vurulmalıdır.
A.Qurbanovanın sözlərinə görə, quduzluq zoonoz xəstəlikdir və heyvandan insana keçdiyi üçün ilk növbədə heyvanların vaksinasiyası böyük əhəmiyyət kəsb edir. Əgər bina şəraitində saxlanılan, küçəyə çıxarılmayan və vaxtında peyvənd olunmuş ev heyvanı baytar tərəfindən sağlam hesab edilirsə, bəzi hallarda vaksinasiya kursuna ehtiyac olmaya bilər.
Lakin həyət evində saxlanılan it və ya pişiklərdə vəziyyət fərqlidir. O qeyd edib ki, belə heyvanların küçə heyvanları, tülkü, çaqqal və ya canavar kimi vəhşi heyvanlarla təmas ehtimalı olduğundan, onların vurduğu xırda xəsarətlər belə ciddi qiymətləndirilməlidir.
Şöbə müdiri vurğulayıb ki, belə hallarda vətəndaş arxayınlaşmamalı, vaksinasiya dərhal başlanmalıdır. Heyvan isə 10 gün müddətində baytar müşahidəsinə götürülür. Müşahidə müddəti başa çatdıqdan sonra heyvanın sağlam olduğu təsdiqlənərsə, müvafiq qaydada vaksinasiya kursu tamamlanır və quduzluq riski aradan qaldırılır.
Zeynəb Rzayeva
Bakı 


