HƏMAS sözçüsü Əbdüllətif əl-Kanu İsrailin razılaşmaya uyğun davranacağı təqdirdə 15 fevralda əsir mübadiləsinin davam etdirilə biləcəyini bildirib.
Bakıvaxtı.az bu barədə xarici mediaya istinadla xəbər verir.
Onun sözlərinə görə, vasitəçilər prosesi izləməyə davam edir və hazırda "müsbət siqnallar" mövcuddur.
Kanu əlavə edib ki, Hamas rəhbərliyindən ibarət bir heyət Misirdə görüşlər keçirərək İsrailin yaratdığı maneələri və onların aradan qaldırılması yollarını müzakirə edib. O, İsrailin daha əvvəl razılaşmanı bir neçə dəfə pozduğunu, o cümlədən köçkünlərin geri dönüşü və humanitar yardımların girişinə maneə törətdiyini bildirib.
Hamas 19 yanvar tarixində qüvvəyə minən atəşkəs razılaşmasının İsrail tərəfindən dörd əsas maddə üzrə pozulduğunu bəyan etmişdi. 10 fevralda isə Həmasın hərbi qanadı İzzəddin Əl-Qəssam Briqadalarının sözçüsü Əbu Ubeydə İsrailin öhdəliklərini yerinə yetirmədiyini əsas gətirərək, əsir mübadiləsinin dayandırıldığını açıqlamışdı.
Hazırda Misir və Qətər vasitəçilər kimi çıxış edərək razılaşmanın icrasına nəzarət edir və mövcud boşluqları aradan qaldırmağa çalışırlar.
Nuriyyə Musayeva