• Bakı 19° C

    1.8 m/s

  • USD - 1.7

    EUR - 1.9921

    RUB - 2.0614

HƏMAS Tramp planına “hə” deyəcəkmi? - Hərəkat fəaliyyətini dayandıra bilər

DÜNYA

03 Oktyabr 2025 | 16:28

HƏMAS Tramp planına “hə” deyəcəkmi? - Hərəkat fəaliyyətini dayandıra bilər

Qahirə, Qətər və Türkiyə Fələstinin HƏMAS hərəkatını ABŞ Prezidenti Donald Trampın Qəzza planını qəbul etməyə razı salmaq üçün çalışırlar.

Bakıvaxtı.az xəbər verir ki, bunu Misirin xarici işlər naziri Bədr Abdelati bildirib.

Nazir açıqlamasında "HƏMAS-ı bu plana müsbət cavab verməyə inandırmaq üçün Qətərdəki qardaşlarımızla, eləcə də Türkiyədəki tərəfdaşlarımızla koordinasiyalı şəkildə işləyirik" sözlərini söyləyib. O, həmçinin vurğulayıb ki, Misir heç bir halda Qəzza sakinlərinin köçürülməsinə icazə verməyəcək. Çünki köçkünlük Fələstin davasının sonu deməkdir.

Bəs görəsən, HƏMAS Trampın sülh planına razılıq verəcəkmi? HƏMAS-ın müsbət cavab verməməsi hansı nəticələrə səbəb ola bilər?

Politoloq İlqar Vəlizadə Bakıvaxtı.az-a açıqlamasında bu sualları cavablandırıb.

Onun sözlərinə görə, HƏMAS bu və ya digər şəkildə öz mövcudluğunu qorumağa çalışır:

“Qəzza məsələsi olduqca mürəkkəb və çətindir. Burada söhbət HƏMAS-ın gələcəyindən gedir. Qəzza planı HƏMAS-ın siyasi gələcəyinin üzərindən xətt çəkir. Təbii ki, bu cür qərar vermək HƏMAS üçün çətin olacaq. Bəlkə də mümkün olmayacaq. HƏMAS regionda çıxılmaz vəziyyət qarşısında qalıb və çox güman ki, planın reallaşdırılmasına doğru müəyyən addımlar atmağa məcbur olacaq. Reallıq onu göstərir ki, Qəzza planının qəbul olunmaması müharibə davam edəcək və İsrail HƏMAS-a qarşı daha ciddi addımlar ata bilər".

İlqar Vəlizadə:  Qəzza planı HƏMAS-ın siyasi gələcəyinin üzərindən xətt çəkir

İ.Vəlizadə vurğulayıb ki, müharibənin uzanması mülki əhalinin həlak olmasını davam etdirəcək. Bu, yerli əhalinin HƏMAS-a qarşı münasibətini dəyişə bilər.

"HƏMAS indiki məqamda hansısa təsiredici addım ata bilər. Bu məsələ vasitəçilərdən də asılıdır. HƏMAS-ın öz siyasətində dəyişiklik etməsi vasitəçilərin HƏMAS-ı nə dərəcədə inandıra biləcəyindən asılıdır. Ola bilər ki, HƏMAS fəaliyyətini dayandırsın. Lakin başqa adla və fərqli formada digər siyasi qruplarla əməkdaşlıq edə bilər", - deyə müsahibimiz əlavə edib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Qəzza zolağında müharibəyə son qoymaq üçün 20 bəndlik planını təqdim edib.

Gülşən Şərif


SON XƏBƏRLƏR