• Bakı 10° C

    5.25 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Hətta ölümlə nəticələnə biləcək vəziyyət... - Günvurmadan necə qorunaq?

CƏMİYYƏT

20 Iyun 2024 | 14:08 | Müəllif: Qalib İbrahimoğlu

Hətta ölümlə nəticələnə biləcək vəziyyət... - Günvurmadan necə qorunaq?

Yay aylarında insanların narahat olduğu məsələlərdən biri də günvurma hallarıdır. Günün müəyyən hissəsini açıq havada keçirmək, çimərlikdə istirahət etmək insanları günvurma təhlükəsi ilə üz-üzə qoyur. Günvurmaya ən çox uşaqlar, kök insanlar, ürək-damar və endokrin xəstəliklərindən əziyyət çəkənlər məruz qalırlar.

Bakıvaxtı.az xəbər verir ki, günvurma ilə bağlı iyunun 1-dən bu günə qədər ümumilikdə 12 nəfərin müraciəti qeydə alınıb.

Mövzu ilə bağlı terapevt Sübhan Hacıyev Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, günvurmanın əsas səbəbi günəşin ultrabənövşəyi şüalarının 30 dəqiqədən çox birbaşa başımıza təsir göstərməsidir:

“Ətraf mühitin hərarətinin çox yüksək olması, bu zaman orqanizmdə termorequlyasiya mexanizmlərinin pozulması, yəni istilik əmələ gəlməsi ilə bədəndən istiliyin xaric olma mexanizminin pozulması orqanizmdə ciddi şəkildə problemlərə, xüsusilə də beyin qan dövranında və ümumi qan dövranında patologiyalara gətirib çıxarır. Bu zaman pasiyentlərdə daha çox ürəkbulanma, başgicəllənmə, qusma, əzələ qıcolmaları, əzginlik, ümumi halsızlıq və süstlük simptomları müşahidə olunur”.

Terapevt qeyd edib ki, günvurma həddindən artıq ciddi və hətta ölümlə nəticələnə biləcək bir vəziyyətdir:

“Buna görə də tibbi yardımda dəqiqələrin çox önəmi var. Günvurma və istivurma ilk növbədə su duz mübadiləsinə, qan dövranına və mərkəzi sinir sisteminə təsir göstərir. Bu zaman orqanizmin uzun müddət tərləmə və susuzlaşma nəticəsində su, duz mübadiləsi pozulur. Bədəndə mayenin həcmi azaldıqda, tərləmə dayanır və bədən özünü lazımi qədər soyuda bilmir.

Bədən hərarəti tezliklə elə bir həddə çatır ki, beyin və digər vacib orqanlar öz fəaliyyət qabiliyyətini itirməyə başlayır və professional peşəkar tibbi yardımın olunmadığı və bədən hərarəti soyudulmadığı təqdirdə insan orqanizmində psixonevroloji əlamətlər baş verir. Bu halda qıcolma, koma və ölümlə nəticələnə bilən durumlarla rastlaşmış oluruq”.

S.Hacıyev əlavə edib ki, təcili tibbi yardım gələnə qədər pasiyenti mütləq şəkildə bütün paltarlarından, xüsusilə də üst geyimlərindən azad etmək lazımdır:

“Bununla yanaşı bacardığımız qədər sərin su içirtməliyik. Bütün bədəni nəm, sərin suya batırılmış dəsmalla silinməlidir. Pasiyentlərin kölgəyə, hətta kondisioner olan otaqlara çəkilib, eyni zamanda iri magistral arteriyaların keçdiyi yerlərə - boynuna, qoltuqaltı və ayaq arası nahiyələrə buzların qoyulması ümumi qan dövranının soyudulmasına gətirib çıxaracaq”.

Həkim-terapevt vurğulayıb ki, günvurma və istivurmadan qorunmaq üçün profilaktik olaraq havaya uyğun geyinmək lazımdır:

“Yaxşı olar ki, açıq rəngli pambıq geyimlərdən istifadə edək, mütləq şəkildə baş örtükləri olsun”.

Allerqoloq-pulmonoloq Lətifə Allaheverdiya isə Bakıvaxtı.az-a qeyd edib ki, gün ərzində mütəmadi olaraq maye qəbul edilməlidir:

"Açıq havalarda mütləq şəkildə çətirdən istifadə etmək lazımdır. Ani bir halsızlıq, baş gicəllənmə, ciddi bir narahatlıq hiss etdiyimiz halda mütləq şəkildə sərin, kölgə olan bir yerə keçək”.

Müsahibimiz məcbur olmadığı halda saat 12:00-dan saat 18:00-a qədər günəş şüalarının altına çıxmamağı məsləhət görür.

Günel Abbas


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026