Xəbər verdiyimiz kimi, “Qarabağ” UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda növbəti oyununu keçirdi. “Köhlən atlar” “Kopenhagen”i 2:0 hesabı ilə məğlub etdi.
Bakıvaxtı.az xəbər verir ki, Bakıda keçirilən oyunda klub yenə stadionu azarkeşlərlə doldurmağı bacardı - tribunada 30 mindən artıq tamaşaçı vardı.
Oyunöncəsi və oyun zamanı müşahidə olunan mənzərə barədə idman jurnalisti Fəridə Abdulla sosial media hesabında fikirlərini bölüşüb.
Onun sözlərinə görə, oyun başlayandan sonra azarkeşlərin çoxu hələ də stadionun çölündə idi:
"Çünki azarkeşlər oyuna az qalmış gəlməyi üstün tutmuşdular, halbuki qapılar 2 saat öncədən açılmışdı. "Meksika dalğası"nı belə edə bilmədilər, üç tribunadan sonra "dalğa" sönürdü. Arada azarkeşlərin ayağa qalxması da vacibdir, fiziki hərəkət həm bədənə faydalıdır, həm də tribunaya ab-hava qatır. Təəssüf ki, hamı qapqara geyinib gəlmişdi, ona görə də tribunalar cansıxıcı görünürdü".
Fəridə Abdulla: “Qarabağ” daha nə etsin ki, azarkeş oyundan zövq alıb, həm əylənsin, həm də futbolçulara dəstək olsun?
İdman jurnalisti əlavə edib ki, "Meksika dalğası" zamanı telefonların işığını yandırmaq üçün heç bir əlavə pul ödəməyə ehtiyac yox idi - bu, biletin içindəki imkanlardan biri idi:
"Azarkeşlər telefonlarının fənərlərini yandırıb gözəl görüntüdən zövq ala bilərdilər. Amma oyun gününə qədər yalnız bilet davası etməklə məşğul oldular".
Fəridə Abdullanın sözlərinə görə, bu oyuna belə azarkeşlər yaraşmır:
“Qarabağ” daha nə etsin ki, azarkeş oyundan zövq alıb, həm əylənsin, həm də futbolçulara dəstək olsun?”,- deyə Fəridə Abdulla fikrini yekunlaşdırıb.
Əli Hüseynov