“Məclis.info” saytının rəhbəri İmran Əliyev, eləcə də onunla birgə ittiham olunan Elgiz Qəhrəman və Tamella Musayevanın cinayət iş üzrə məhkəmə prosesi keçirilib.
Bakıvaxtı.az xəbər verir ki, "Report" un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan edilib.
İttihama görə, "Məclis.info" saytı və eyni adlı sosial şəbəkə hesabları müvafiq qanunun tələblərinə uyğun olaraq dövlət qeydiyyatına alınmayıb.
İttihamda qeyd olunub ki, onlar adıçəkilən saytdan istifadə edərək xarici donor təşkilatlarından qrant alaraq gömrük nəzarətindən bəyan etməyərək qaçaqmalçılıq yolu ilə ölkəyə gətiriblər.
Həmçinin ittihamda vurğulanıb ki, təqsirləndirilən şəxslər bu əməli törədərkən saxta sənədlərdən də istifadə ediblər.
Əlavə olaraq onlar bu əməlləri "Abzas Media" işində təqsirləndirilən şəxslərlə birgə törətməkdə də ittiham olunurlar.
Prosesdə zərərçəkən qismində Gəncə Regional Vergi İdarəsi tanınıb.
Onlar özlərini təqsirli bilməyib.
Növbəti proses iyunun 17-nə təyin edilib.
Xatırladaq ki, təqsirləndirilən İmran Əliyev ötən il aprelin 19-da həbs edilib. Elgiz Qəhrəman və Tamella Musayeva isə sonradan iş üzrə təqsirləndirilən şəxs kimi tanınıb və barəsində polis nəzarəti altında olma qətimkan tədbiri seçilib.
Qeyd edək ki, hər iki şəxsə Cinayət Məcəlləsinin 8 maddəsi ilə 192.2.2 (küllü miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 192.2.3 (mütəşəkkil dəstə tərəfindən törədildikdə), 193-1.3.1 (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 193-1.3.2 (xeyli miqdarda törədildikdə), 206.4 (mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq), 213.2.1 (vergiləri ödəməkdən yayınma - mütəşəkkil dəstə tərəfindən törədildikdə),320.1 (sənəd saxtalaşdırma), 320.2 (saxta sənədlərdən istifadə etmə) ittiham olunur.