• Bakı 18° C

    3.5 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

İntim videosu yayılan tanınmış simalar belə tələyə düşür - AÇIQLAMA

CƏMİYYƏT

14 Sentyabr 2021 | 12:34

İntim videosu yayılan tanınmış simalar belə tələyə düşür - AÇIQLAMA

Son günlərin ən aktual mövzularından biri də, tanınmış simaların intim videolarının yayılmasıdır. Onlar isə özləri də bilmədən bir oyunun içinə düşdüklərini iddia edirlər. Bəs, doğrudanmı, onlara kiber hücumlar olur?

Mövzu ilə bağlı Azərbaycanın ən böyük texnologiya agentliyi olan “Technote” media şirkətinin təsisçisi, texnobloqer Fərid Pərdəşünas Bakıvaxtı.az-a danışıb:

"Son günlər sosial mediada səs-küy doğuran kiber cinayət növlərindən biri də kiber şantajdır. Kiber şantaj kiber təhlükəsizlik dünyasında geniş yayılmış bir kiber hücum növüdür. Hal hazırda bu hücum vasitəsilə kiber cinəyatkarlar müxtəlif saxta profillər vasitəsilə, xüsusən yaşlı nəslin nümayəndələrinə, siyasi simalara və sosial mediada müəyyən statusa sahib olan insanlara saxta zənglər edirlər. Bu zənglərin arxasında kimin olduğu bilinmir. Onlar görüntülü danışıqlar zamanı xanım simalardan istifadə edirlər. Xanımlar qarşı tərəfi daha çox intim münasibətə dəvət edir. Müəyyən müddət görüntülü danışdıqdan sonra onlara intim təkliflər olunur və qarşı tərəfə sosial-psixoloji təsir göstərilərək intim hisslərinin oyadılması vasitəsilə müəyyən hərəkətlər etməyə, görüntülər göstərməyə sövq edilir."

"Əgər qarşı tərəf buna aldanısra, hisslərinin qurbanı olaraq həmin hərəkətləri edir. Nəticədə, kiber cinayətkar həmin şəxsin videosunu çəkir. Daha sonra isə əldə olan video zərərçəkmiş şəxsə göndərilərək videonun silinməsi üçün müəyyən məbləğdə vəsait tələb olunur. Qarşı tərəf əlacsız şəkildə bu vəsaiti ödəyir. Həmin məbləği ödədikdən sonra da videonun yayılması istisna deyil. Bu, davamlı olaraq şantaja çevrilə bilər. Yəni artıq qurban olmusunuzsa, bundan qaçış metodu yoxdur. Çünki dövlət güc strukturları da bunun qarşısını ala bilməzlər. Adətən, hücumlar xaricdən olduğu, İP ünvanları dəyişdirildiyi və virtual xüsusi şəbəkələrdən istifadə olunduğu üçün belə hücumların qarşısını almaq və ya kim tərəfindən həyata keçirildiyini tapmaq çox çətin və müşkül məsələyə çevrilir. Ona görə burda edilməli olan və qorunmalı olduğumuz əsas məqam kənar şəxslərdən gələn görüntülü danışıqlara cavab verməmək, ümumiyyətlə həmin zəngləri açmamaq, onlarla ünsiyyətdə olmamaq, tanımadığımız şəxslərə müəyyən intim görüntülərimizi göstərməməkdir. Əsas şərt bundan ibarətdir. Burda hər hansı bir texniki hücumdan söhbət getmir. Sadəcə insanlar aldadılır, sosial mühəndislik vasitəsilə onların duyğularından, hisslərindən istifadə olunur. Qorunmağın yolu da insanın psixoloji faktorundan, özünün yanaşmasından asılıdır. Təəssüf ki, xüsusən yaşlı nəslin nümayəndələri internetdən doğru-düzgün istifadə edə və texnologiyalarla necə davranacağını bilmədiyi üçün əsas hədəf kütləsi onlardır."

"İkinci hücum növü isə “Spoofing Caller ID” və “Man in the middle” hücum növləridir. Kiber dünyada kifayət qədər məşhur olan bu hücum növləri vasitəsilə zəng edilən nömrəni istənilən nömrəyə dəyişmək olar. Beynəlxalq kommunikasiya sektorunda olan böyük problemlərdən və boşluqlardan biri hesab olunur. İllərdir bu problem davam edir və nə qlobal, nə də yerli operator bu cür hücum növlərindən sığortalanıb. Bu hücum növü vasitəsilə kiber cinayətkar zəng edən zaman öz nömrəsini istənilən nömrəyə dəyişə bilir. Məsələn, sizə atanızdan, anazından, dostunuzdan və ya müştərisi olduğunuz bankdan, polisdən zəng gələ bilər. Telefonun ekranında həmin nömrə olduğu kimi görsənəcək. Lakin, əslində, bu nömrənin arxasında başqa bir şəxs dayanır, sadəcə öz nömrəsini dəyişib. Əslində, siz onu səsindən tanımalısınız. Başqa bir sığortalanmış metod yoxdur. Ancaq yenə də burda əsas məqsəd istifadəçidən məlumatları öyrənməkdir. Məsələn, bank, polis və digər dövlət orqanları adından zəng vurulub istifadəçidən şəxsi məlumatlar tələb olunur. Əgər istifadəçi bu barədə kifayət qədər məlumatlı deyilsə, yəni şəxsi məlumatlarını telefonda təqdim etməyi bilmirsə, bu hücum növünün qurbanı ola bilər. Yenə də yaşlı nəslin nümayəndələri qurbana çevrilir. Onlar bank tərəfindən edilən zəngin real olduğunu düşünərək şəxsi məlumatlarını qarşı tərəfə təqdim edirlər."

"Burda zərərçəkmiş şəxs mütləq şəkildə bilməlidir ki, heç bir dövlət orqanı və bank öz müştərisindən telefonda hər hansı bir şəxsi məlumat tələb etmir, edə də bilməz. Bu, təhlükəsizlik üçündür. Onlar yalnız müəssisəyə, ofisə və yaxud təşkilata dəvət olunaraq sorğulana bilərlər. Yəni insanlar buna aldanmamalıdır. Burda kiber cinayətkarın əsas məqsədi sizin bank məlumatlarınızı əldə etməkdir. Məsələn, iddia edirlər ki, sizin bank hesabınıza blok qoyulub, pulunuz oğurlana bilər, bunun üçün müəyyən təhlükəsizlik tədbirləri görürlər. Bunun üçün sizdən bank kartınızın kodunu, CV-nin nömrəsini, ad, soyadı qarşı tərəfə təqdim etməyiniz tələb edilir. İnsanlar buna aldanaraq məlumatlarını təqdim edirlər. Nəticədə, kart məlumatları oğurlanır. Hətta bəzən ikimərhələli təstiq “3D Secure” dediyimiz kodları belə tələb edirlər. Bu tipli hücum növlərindən sığortalanmağın yeganə metodu telefon və mesaj vasitəsilə kiməsə şəxsi məlumatları verməməkdir. Belə zənglərə məruz qalan insan mütləq yerli operatorlara, Dövlət Təhlükəsizlik Xidmətinə və ya Daxili İşlər Nazirliyinin müvafiq orqanlarına, eyni zamanda, Rabitə və Yüksək Tüxnologiyalar Nazirliyinin elektron təhlükəsizlik xidmətinə bu barədə məlumat verməlidir. Düzdür, dövlət orqanları bu işin araşdırılmasında sona qədər gedib çıxa bilmirlər. Bunun da əsas səbəbi ondan ibarətdir ki, aparılan hücumlar xaricdən baş verir və özlərini gizlədə bilirlər".

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR