• Bakı 19° C

    3.16 m/s

  • USD - 1.7

    EUR - 1.8992

    RUB - 2.0276

Bakıda “Ürək transplantasiyası həftəsi” keçiriləcək

CƏMİYYƏT

12 Oktyabr 2026 | 17:28 | Müəllif: Əli Hüseynov

Bakıda “Ürək transplantasiyası həftəsi” keçiriləcək

Bakıda 31 oktyabr – 6 noyabr tarixlərində “Ürək transplantasiyası həftəsi” çərçivəsində silsilə tədbirlər təşkil olunacaq.

Bakıvaxtı.az xəbər verir ki, tədbirlər Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti və Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin birgə təşkilatçılığı ilə keçiriləcək.

Tədbirlər Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin fəxri sədri, professor Kamran Musayevin rəhbərliyi ilə Azərbaycanda və Cənubi Qafqazda ilk donor ürək transplantasiyasının həyata keçirilməsinin birinci ildönümünə həsr olunub.

Həftə ərzində orqan donorluğu və ürək transplantasiyası ilə bağlı ictimai maarifləndirmənin artırılması məqsədilə sosial aksiyalar, maarifləndirici görüşlər və elmi tədbirlər keçiriləcək.

Həftənin əsas tədbirlərindən biri olan “TRANSPLANT 360° – Diaqnostikadan transplantasiyaya” adlı elmi-praktiki konfrans oktyabrın 31-də “Fairmont Baku – Flame Towers” hotelində təşkil olunacaq.

Konfransda orqan transplantasiyasının diaqnostika, transplantasiyaya hazırlıq, donor seçimi, cərrahi müdaxilə və əməliyyatdan sonrakı müşahidə mərhələləri elmi və praktiki baxımdan müzakirə ediləcək. Eyni zamanda, transplantasiya sahəsində əldə olunan nəticələrin qiymətləndirilməsi və mövcud problemlərin həlli yollarının müəyyənləşdirilməsi nəzərdə tutulur.

Tədbirdə Azərbaycanın müxtəlif tibb müəssisələrini təmsil edən ürək-damar cərrahları, ümumi cərrahlar, kardioloqlar, anestezioloq-reanimatoloqlar, nefroloqlar, qastroenteroloqlar, infeksionistlər, patoloqoanatomlar və digər ixtisaslar üzrə mütəxəssislər iştirak edəcəklər. Böyük Britaniya, Türkiyə və Belarusdan transplantasiya sahəsində ixtisaslaşmış mütəxəssislərin də konfransa qatılması gözlənilir.

Elmi proqram çərçivəsində transplantasiya xəstələrinin diaqnostikası, tibbi və cərrahi müalicəsi, donor seçimi, transplantasiya prosesinin təşkili və əməliyyatdan sonrakı dövrün idarə olunması məsələləri nəzərdən keçiriləcək. Konfransın yerli və beynəlxalq mütəxəssislər arasında təcrübə mübadiləsinə və peşəkar əməkdaşlığın inkişafına töhfə verəcəyi bildirilir.

Konfransda iştirak etmək istəyənlərin əvvəlcədən qeydiyyatdan keçməsi tələb olunur.

Qeydiyyat linki:https://forms.gle/yrXvFJ4qNVWURbk49

Bildirilib ki, konfransın Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurası tərəfindən akkreditasiya olunması nəzərdə tutulur. İştirakçılar davamlı tibbi təhsil (DTT) balları əldə edə biləcəklər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR