Bir neçə gündür Bakıda isti hava şəraiti hökm sürür. Nəticədə payız fəslinin olmasına baxmayaraq, yaz havası hiss olunur.
Payız fəslində havanın bu cür isti keçməsi normaldırmı? İndiki hava şəraitini iqlim dəyişikliyinin fəsadı kimi dəyərləndirmək olarmı?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan ekoloq Sevil Yüzbaşayeva bildirib ki, son illərdə sentyabr-oktyabr aylarında temperaturun uzun müddət yüksək qalması qlobal iqlim dəyişiklikləri ilə birbaşa əlaqələndirilir:
"Məlumatlara görə, oktyabr ayında havanın temperaturu iqlim norması ilə müqayisədə 9 gün normadan yuxarı qeydə alınıb və bəzi günlərdə norma hətta 5 dərəcəyə qədər aşılıb. Mütəxəssislər payızda bu cür havaların tendensiyasının növbəti onilliklərdə də davam edə biləcəyini qeyd edirlər. Əslində belə hava şəraiti insan həyat tərzi və kənd təsərrüfatı baxımından təhlükə yaratmır və mövcud mülayim şəraitdən müsbət mənada yararlanmaq da mümkündür. Amma temperaturun bu cür kəskin dəyişərək gündüz isti, gecə isə sərin keçməsi insan orqanizminin mövsümə uyğunlaşmasını çətinləşdirə və keçid dövrü zamanı müxtəlif xəstəliklərə yol aça bilər".
Müsahibimizin fikrincə, payız fəslində, xüsusən də oktyabr ayında havanın bu cür isti keçməsi həm regional iqlim normaları daxilində müəyyən dərəcədə təbii, həm də qlobal iqlim dəyişiklikləri fonunda qeydə alınan anomal bir vəziyyət hesab olunur.
"Payız fəslinin ilkin dövrlərində temperaturun mülayim keçməsi, günəşli günlərin müşahidə olunması və Bakıda temperaturun 23-28 dərəcə isti təşkil etməsi bu mövsümün orta maksimum temperatur göstəricilərinə tamamilə zidd deyil. Payız fəsli təkcə yağış və küləklə deyil, həm də belə mülayim günlərlə müşahidə oluna bilir. İndiki hava şəraitində müşahidə olunan kəskin dəyişiklikləri və anomal halları birbaşa iqlim dəyişikliyinin fəsadı və ya onun təsiri kimi dəyərləndirmək olar".
Onun dediyinə görə, bununla belə, hər hansı bir konkret gündəlik hava hadisəsini tamamilə iqlim dəyişikliyinə bağlamaq doğru deyil. Müşahidələr göstərir ki, iqlim dəyişikliyi həmin hadisələrin başvermə tezliyini, intensivliyini və müddətini kəskin şəkildə artırır.

Sevil Yüzbaşayeva:Anomal halları birbaşa iqlim dəyişikliyinin fəsadı və ya onun təsiri kimi dəyərləndirmək olar
S.Yüzbaşayeva hesab edir ki, iqlim dəyişikliyi səbəbindən ekstremal hava şəraiti də çoxalıb. Yağıntıların ümumi miqdarı azalsa da, onların xarakteri dəyişib. Qısa müddətdə düşən normadan artıq leysan yağışları dağlıq rayonlarda dağıdıcı sellərə səbəb olur:
"Yay aylarında xüsusilə Bakı və digər böyük şəhərlərdə temperaturun normadan çox yüksək olduğu günlərin sayı kəskin artıb. İqlim dəyişikliyi atmosferdəki temperaturun artması nəticəsində su buxarlanmasını intensivləşdirir və havanın daha çox nəm saxlamasına səbəb olur. Bu proses dünya üzrə güclü yağışların, sel və daşqınların tezliyini və intensivliyini əhəmiyyətli dərəcədə artıraraq, ekstremal hava hadisələrinin iki dəfə daha ehtimallı olmasına gətirib çıxarır. Atmosferin istiləşməsi nəticəsində yaranan su buxarı artımı, qısa müddətdə həddindən artıq çox yağışın düşməsinə (intensiv yağışlar) səbəb olur. Araşdırmalar göstərir ki, güclü yağış və qar yağması ehtimalı iqlim dəyişikliyi səbəbindən iki dəfə artıb. Yay aylarında yüksək temperatur və quru hava şəraiti dağlıq və meşəlik zonalarda yanğın təhlükəsini dəfələrlə artırır. Quraqlıq hadisəsi isə meşələrin özünübərpa qabiliyyətini aşağı salır".
İqlimin bütün dövrlərdə hər zaman dəyişdiyini qeyd edən ekoloqun sözlərinə görə, müasir dövrdə bu dəyişmələr daha çox sürətlənib.
"İnsanlar iqlim dəyişikliyinin belə sürətlənməsi səbəbini antropogen amillərdə, Yer üzündə insanları sayının artması nəticəsində təbiətin, meşələrin məhv edilməsində, texnika və texnologiyanın yüksək səviyyədə inkişaf etməsi səbəbindən atmosferin həddən artıq çirklənməsində görür. Tarixə nəzər salsaq görərik ki, bütün bunlar ibtidai dövrlərdə də iqlim dəyişib. Ola bilsin ki, bu dəyişiklik müasir dövrdəki kimi tez, sürətli olmayıb, amma vurduğu ziyan həddən artıq böyük olub", - deyə Sevil Yüzbaşayeva əlavə edib.
Gülşən Şərif
















