“Ermənistan İran üçün vacib ölkədir”.
Bakıvaxtı.az-ın məlumatına görə, bunu İranın xarici işlər nazirinin müavini Səid Xətibzadə “Yerevan Dialoqu 2025” beynəlxalq forumunda çıxışı zamanı bildirib.
O, açıqlamasında "Biz Ermənistandan açıq şəkildə eşitmək istəyirik ki, dəhliz olmayacaq. Zəngəzur dəhlizi İran üçün qəbuledilməzdir" sözlərini işlədib.
İran rəsmisinin bu cür qərəzli mövqeyi Azərbaycan-İran münasibətlərini kölgə altına salırmı? Demək olarmı ki, İran Azərbaycanın öz milli maraqlarını təmin etmək üçün regionda yaratdığı yeni reallıqları qəbul etmədiyini açıq şəkildə göstərir?
Politoloq Zeynal Əmrəliyev Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Xətibzadənin mövqeyinin İran-Azərbaycan münasibətlərinin normallaşmasına əngəl törədəcəyi gözlənilmir.
"İran prezidenti Məsud Pezeşkian Azərbaycanla münasibətlərin normallaşması istiqamətində səylər aparsa da, təəssüf ki, bəzi İran rəsmiləri əks addım atırlar. Bu şəxslər İranın mövcud siyasətinə uyğun olmayan addımlar atmağa davam edirlər. Halbuki Pezeşkian hökuməti Azərbaycana səfərə zamanı və əvvəlki çıxışlarında İran-Azərbaycan münasibətlərinin normal istiqamətdə irəliləməsi üçün səylər göstərəcəyini açıq şəkildə bildirib”.
Müsahibimiz qeyd edib ki, İranın daxilindəki bəzi qüvvələr iki ölkə arasında münasibətlərin düzəlməsini istəmirlər. Bura əsasən diplomatik, hərbi və dini korpusda təmsil olunan şəxslər daxildir. İranın dini və hərbi elitasından Azərbaycana qarşı qərəzli mövqe zaman-zaman özünü göstərirdi. İndi isə diplomatik müstəvidə bəzi rəsmilərin qərəzli çıxışları İran-Azərbaycan münasibətlərinə ciddi şəkildə zərbə vurur.
Z.Əmrəliyevin dediyinə görə, hər iki ölkənin siyasi liderləri ortaya bir siyasi iradə qoyub və münasibətlərin normallaşması istiqamətdə səylər göstərirlər.
"Azərabycan tərəfi hər zaman İranla qonşuluq münasibətlərinin inkişafında maraqlı olub və bununla bağlı dövlət rəsmilərimiz dəfələrlə açıqlama veriblər. Ümumilikdə ölkəmiz bütün qonşularla normal münasibətlərin inkişafında maraqlıdır”.
Zeynal Əmrəliyev: Zəngəzur dəhlizi gec, ya tez açılacaq, bu, yalnız Azərbaycan və Ermənistan arasında olan bir məsələdir
Politoloq vurğulayıb ki, Zəngəzur dəhlizi gec və ya tez açılacaq:
“Bu, yalnız Azərbaycan və Ermənistan arasında olan bir məsələdir. Hansısa üçüncü dövlətin bu məsələyə müdaxiləsi yolverilməzdir. Bu kontekstdə İran prezidenti və dövlət rəsmiləri öz diplomatlarına bu məsələ ilə bağlı xəbərdarlıq etməli və yersiz çıxışlardan çəkindirməlidir. Ermənistan tərəfi bununla bağlı öz üzərinə öhdəlik götürüb və öhdəliklərinə riayət etməlidir", - deyə Zeynal Əmrəliyev qeyd edib.
Gülşən Şərif