İş yoldaşını "işverən" sözünə görə bıçaqlamaqda təqsirləndirilən Röyal İbrahimovun cinayət işi üzrə məhkəməsi başlayıb.
Bakıvaxtı.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Eldar Həmzə ittiham aktını elan edib.
Daha sonra ifadə vermək üçün təqsirləndirilən şəxsə söz verilib və o, özünü ona qarşı elan edilmiş ittihamla qismən təqsirli bilib:
"Hər ikimiz Sulutəpədə yerləşən "Çinarlı hotel"də ofisiant olaraq çalışırıq. İşdən çıxıb evə gedirdim. Bu adam maşınımın qapısını açaraq məcbur maşından çıxarmaq istədi. Mənə dedi ki sən "işverən"sən. Bu adamla bir neçə dəfə mübahisəmiz düşüb. Maşında meyvəni doğramaq üçün bıçaq var idi onu da özümlə götürdüm. Maşından çıxardaraq məni yerə yıxıb üz nahiyyəmə yumruq zərbələri endirdi və ana söyüşü söydü. Mən də bıçaqla iki dəfə ona zərbə endirdim. Ona xəsarət yetirmək fikrim yox idi. Gözümü açanda özümü halsız vəziyyətdə yerdə gördüm. Əməlimdən peşmanam və zərərçəkmiş şəxslə barışmışam".
Məhkəmənin növbəti iclası fevralın 25-nə təyin edilib.
Qeyd edək ki, hadisə ötən il Sulutəpə qəsəbəsində baş verib. Belə ki aralarında yaranmış mübahisə zamanı Röyal İbrahimov iş yoldaşı Anar Quliyevi bıçaqlayıb.
Röyal İbrahimov hüquq mühafizə orqanları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.
Ona qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyət ilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb./Unikal
Bakı 




