• Bakı 14° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.8455

    RUB - 0.0187

"Kalininqrad təcrübəsi" Zəngəzur dəhlizində: İrəvanın təklifi qəbul etməkdən başqa çarəsi yoxdur

SİYASƏT

08 May 2024 | 17:47

Kalininqrad təcrübəsi Zəngəzur dəhlizində: İrəvanın təklifi qəbul etməkdən başqa çarəsi yoxdur

Zəngəzur dəhlizinin "Kalininqrad metodu" ilə reallaşmasını gündəmə gətirən ekspertlər var. Onların fikrincə, bənzər üsullarla Zəngəzurdan Naxçıvana keçid təşkil oluna bilər.

Bakıvaxtı.az-ın məlumatına görə, ötən gün Litvanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Andrius Pulokas da deyib ki, Litva kommunikasiyaların açılması kontekstində Rusiyanın Kalininqrad vilayətinin tranzit sxemi çərçivəsində dəfələrlə öz təcrübəsini həm İrəvan, həm də Bakı ilə bölüşüb. Səfir bildirib ki, Litva və Ermənistan coğrafi baxımdan oxşardır. Səfir Ermənistanla Azərbaycan arasında mümkün kommunikasiyaların açılması imkanlarını və eyni kontekstdə Litva və Rusiyanın mövcud təcrübəsini müqayisə edib:

“Rusiyanın Kalininqrad vilayəti Azərbaycanın Naxçıvan Muxtar Respublikası kimi eksklavdır və ölkənin əsas ərazisi ilə rabitəsi vacibdir. Litvanın AB-yə daxil olması bu sahədə də həlledici rol oynadı. AB, Litva və Rusiya “Kalininqrad tranziti” adlandırılan sxem üzrə razılığa gəliblər. İndi hətta Rusiyanın Ukraynadakı müharibəsi kontekstində belə, materik Rusiya və Kalininqrad vilayətinin sakinləri Litva ərazisindən keçirlər”.

Politoloq Abutalıb Səmədov Bakıvaxtı.az-a bildirib ki, Azərbaycanın bir hissəsindən digər hissəsinə - yəni Naxçıvana gediş-gəlişin statusu Ermənistandan Çinə gediş-gəlişlə eyni ola bilməz.

Ekspert diqqətə çatdırıb ki, Zəngəzur dəhlizində sadələşdirilmiş metod tətbiq edilməlidir:

"Azərbaycanın əsas hissəsindən Naxçıvana gedən yolda maneəsiz gediş-gəliş təmin edilməlidir. Bu məsələ 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatda da öz əksini tapıb. Əfsuslar olsun ki, Ermənistan bunu anlamır və tələb edir ki, kommunikasiyalar qarşılıqlılıq prinsipi əsasında açılmalıdır. Bu isə o anlama gəlir ki, Azərbaycandan Naxçıvana açılacaq dəhlizlə Ermənistandan Çinə, yaxud Rusiyaya gedən yolun statusunda heç bir fərq olmamalıdır”.

Abutalıb Səmədov: Zəngəzur dəhlizində sadələşdirilmiş metod tətbiq edilməlidir

Onun sözlərinə görə, Azərbaycan tərəfi dəfələrlə təklif edib ki, "Kalininqrad təcrübəsi" Zəngəzur dəhlizində tətbiq oluna bilər:

“İrəvanın təklifimizi qəbul etməkdən başqa çarəsi yoxdur. Özlərinə yeni havadar tapmağa çalışsalar da, məntiq Zəngəzur dəhlizində "Kalininqrad təcrübəsi"nin tətbiq olunmasını tələb edir. Əgər bu, reallaşmazsa kommunikasiyaların açılmasında problemlər yaranacaq və bundan əziyyət çəkən tərəf Ermənistan olacaq".

Aydın Baxış


SON XƏBƏRLƏR

19 May 2024