• Bakı 14° C

    4.77 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Kart dələduzluğunun yeni növü: PIN kodu bilməyə ehtiyac duymurlar

CƏMİYYƏT

18 Aprel 2025 | 11:15

Kart dələduzluğunun yeni növü: PIN kodu bilməyə ehtiyac duymurlar

Azərbaycanda təcavüzkarların pul vəsaitlərini oğurlamaq üçün təmassız ödəniş texnologiyalarından (NFC) istifadə etdikləri bank kartları ilə bağlı dələduzluqların yeni növləri qeydə alınır.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə Kaspersky mütəxəssisləri xəbərdarlıq edirlər.

Məlumata görə, “Apple Pay” və “Google Wallet” xidmətlərinin istifadəçiləri bu hücumlara qarşı xüsusilə həssasdırlar, çünki onların kartları saxta hesablara bağlanılır.

Ssenari sadə, lakin effektivdir: cinayətkarlar saxta çatdırılma xidmətləri, bazarlar və ya dövlət xidmətləri vasitəsilə qurbanları aldadaraq onlardan bank kartı məlumatlarını əldə edir, sonra onları dərhal öz smartfonlarına bağlayır və kart sahibində şübhə yaratmadan mağazalarda alış-veriş etmək üçün istifadə edirlər.

NFC siqnalını bir smartfondan digərinə ötürən “Ghost Tap” (Kabus toxunuşu) sxemini ayrıca qeyd etmək lazımdır. Beləliklə, fırıldaqçı fiziki olaraq bir ölkədə olsa belə, alış-verişi tamamilə fərqli bir ölkədə həyata keçirir.

Bəs özünüzü və maliyyənizi necə qoruya bilərsiniz:

Mütəxəssislər bildirirlər ki, onlayn ödənişlər üçün virtual kartlardan istifadə edin, onların balansını yalnız lazım olduqda artırın.

Şübhəli proqramlara və vebsaytlara kart məlumatlarını daxil etməyin, xüsusən də sizdən PIN kodu daxil etməyiniz xahiş olunursa.

Şübhəli proqramların tələbi ilə bank kartınızı smartfonunuza bağlamayın.

Bankomata nağd pul daxil edərkən fiziki kartdan istifadə edin.

Əməliyyat bildirişlərini (Push/SMS) aktiv etdiyinizə əmin olun.

“Təhlükəsiz ödənişlər” funksiyasına malik Kaspersky qoruma həllini quraşdırın.

Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədovun sözlərinə görə, təcavüzkarlar artıq kartın özünü oğurlamağa və ya PIN kodu bilməyə ehtiyac duymurlar:

“Bunun üçün minimal məlumat əldə etmək kifayətdir ki, sizin vəsaitlərinizi idarə edə bilsinlər. Bu cür gizlilik bu hücumları xüsusilə təhlükəli edir. Biz regionda, o cümlədən Azərbaycanda belə sxemlərin fəallığının artdığını müşahidə edirik. Bu gün rastlaşdıqları ilk proqramlara və ya saytlara etibar etməyə öyrəşmiş istifadəçilər bu vəziyyətdə xüsusilə həssasdırlar. Riskləri gözardı etmək olmaz – bu gün maliyyənizi qorumaq rəqəmsal sayıqlıqdan başlayır. Biz “Təhlükəsiz ödənişlər” funksiyasına malik sınaqdan çıxmış antivirus məhsullarından istifadə etməyi və bank kartı məlumatlarının ələ keçirilməsi cəhdlərinə qarşı diqqətli olmağı tövsiyə edirik”.

Murad Məmmədli


SON XƏBƏRLƏR

18 Aprel 2025