• Bakı 9° C

    5.12 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Karyera, yoxsa? - Ana körpəsini bağçaya atıb işə qaçır

CƏMİYYƏT

14 Fevral 2024 | 16:43 | Müəllif: Qalib İbrahimoğlu

Karyera, yoxsa? - Ana körpəsini bağçaya atıb işə qaçır

Son illər körpəlikdən nənə-baba yanında, bağçada böyüyən uşaqların sayı artıb. Belə ki, əvvəllər qadınlar ən azı uşağın 3 yaşına qədər yanında olurdusa, indi imkansızlıqdan və ya öz istəkləri ilə bir il belə tamam olmamış uşağı başqalarına etibar edədərk işə başlayır.

Elmir Əkbər: İnsanlar ailənin nə demək olduğunu dərk etmirlər, ailə dərslərinə ehtiyac var

Psixoloq, psixoterapevt Elmir Əkbər Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, bəzən ana bir yaşı tamam olmamış uşağı bağçaya atıb qaçır:

“Mən özüm neçə dəfə belə qadınları danlayıb ittiham etmişəm. İnsan bu qədər karyerist olmaz. Dünyaya uşaq gətirəndə əbəs yerə 3 il məzuniyyət vermirlər. Hətta inkişaf etmiş ölkələrdə məzuniyyət müddəti ataya da aiddir. Çünki uşaq müəyyən yaşa kimi valideynlərinin iştirakı ilə böyüməlidir. Mən həmişə israr edirəm ki, uşaq 3 yaşdan sonra bağçaya getməlidir. 3 yaşdan sonra bağçaya getməyən uşaq problemli olacaq. Ancaq valideyn o yaşa qədər uşaqlarına baxmalıdır”.

Psixoterapevt evdə dayə və ya köməkçi olmasının tərəfdarı olduğunu vurğulayıb:

“İndi elə bir dövrdə yaşayırıq ki, ananın tək iştirakı ilə cəmiyyətə faydalı uşaq böyütmək mümkün deyil. Uşaq normal böyümək üçün xarici dil kurslarına, müxtəlif dərnəklərə getməli, paralel olaraq yaxşı tərbiyə almalıdır. Evdə köməkçilər ev işlərini görsün, ana da uşaqla məşğul olsun. Ancaq evdə nə qədər köməkçi, dayə olur olsun, heç biri ananın funksiyasını yerinə yetirə bilməz. Bu, ananın missiyasını çiynindən götürmür. Ananın görməli olduğu işi özündən başqa heç kim görə bilməz”.

E.Əkbər ailə dərslərinin vacibliyini də xüsusi qeyd edib. Onun sözlərinə görə, insanlar ailənin nə demək olduğunu dərk etmirlər:

“Ailə dərslərinə çox ciddi ehtiyac var. Problem təhsildən başlayır. Təhsil sistemimizdə çox böyük problem var. Mütləq sistemə ailə dərsləri daxil edilməli, insanlar maarifləndirilməlidir. Söz yox, maarifə hamı riyaət etməyəcək, ancaq ən azından bilib dəyişmək istəyən olacaq”.

Turan Abdullazadə: Adətən, qadınlar özləri 3 illik məzuniyyət hüququndan yararlanmırlar

Azərbaycan Vəkillər Kollegiyasının üzvü, vəkil Turan Abdullazadə Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Azərbaycan Respublikası Əmək Məcəlləsində hamiləliyə və doğuşa görə məzuniyyətlərlə bağlı müvafiq müddəalar var:

“Hamiləlik dövründə və doğuşdan sonrakı dövr üçün işləyən qadınlara 126 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 56 təqvim günü) müddətində ödənişli məzuniyyət verilir. Doğuş çətin olduqda, iki və daha çox uşaq doğulduqda doğuşdan sonrakı məzuniyyət 70 təqvim günü müddətində verilir. Bundan başqa, ana olan qadınların qismən ödənişli sosial məzuniyyət hüquqları da var. Belə ki, uşağa bilavasitə qulluq edən valideynlərdən biri, yaxud ailənin başqa üzvü uşağın üç yaşı tamam olanadək ona qulluq etməkdən ötrü qanunvericiliklə müəyyən edilmiş məbləğdə müavinət verilən qismən ödənişli sosial məzuniyyət almaq hüququna malikdirlər”.

Vəkilin sözlərinə görə, uşağa qulluq edən işçi yazılı ərizəsi əsasında qismən ödənişli sosial məzuniyyət hüququndan tam, yaxud hissə-hissə istifadə edə bilər:

“Adətən, qadınlar özləri 3 illik məzuniyyət hüququndan yararlanmayaraq 1 il tamam olan kimi işə çıxırlar. Buna səbəb ailənin maddi dolanışıqla bağlı sıxıntılarıdır. Çünki 3 illik məzuniyyətdə olan qadın aylıq çox az miqdarda müavinət alır. Buna görə də uşağını qaynanasının, baxıcının yanında qoyaraq vaxtından tez işə çıxırlar.

Əmək qanunvericiliyinə əsasən, işçinin məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Qeyd edim ki, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə çalışan qadınlar attestasiya da olunmurlar”.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026