“İctimai TV”də yayımlanan “Gündəlik” serialı sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Müəllimin jurnalistə etdiyi davranışlar insanlar tərəfindən birmənalı qarşılanmayıb. Müəllimin jurnalisti hər kəsin önündə tənqid etməsi bu peşənin sahiblərində peşələrinə olan hörmətsizlik kimi qəbul edilib.
Mətbuat Şurasının sədri Rəşad Məcid Bakıvaxtı.az-a açıqlamasında müəllim obrazının dilindən jurnalistləri hədəfə alan, sosial şəbəklərdə Elm və Təhsil Nazirliyinin sosial çarxı kimi təqdim edilən bu videonun istər ictimai fikirdə, istərsə də jurnalist cameəsində haqlı narazılıq və narahatlıq doğurduğunu deyib. Onun sözlərinə görə, serialdan hansısa hissənin çıxarılaraq qərəzlə nazirliyin sosial çarxı - mövqeyi kimi təqdim olunması böyük qəbahətdir və bu, sosial şəbəkələrin son illər aludəçisinə çevrildiyi durduq yerdə qalmaqal yaratmaq niyyətinin növbəti nümunəsidir.

Rəşad Məcid: Jurnalistləri gözdən salmaq istəyən kifayət qədər insan var
R.Məcid deyib ki, serialda bu kadrlarla müəllimlərin cəmiyyətdəki nüfuzunu artırmaq, onları müdafiə etmək və bu məqsədlə də cəmiyyətə maarifləndirici mesaj ötürmək niyyəti güdülsə də, bunun başqa bir peşə sahibinin aşağılanaraq edilməsi düzgün deyil:
“Əksinə, bu, həmin peşə sahiblərinin müdafiəsi yox, onları hədəf seçilən peşə sahibləri ilə üz-üzə qoymağa çalışmaq, bir az da sərt desək, provokasiyadır”.
MŞ sədri müəllimin jurnalisti imla yaza bilməməklə, savadsız olması ilə hədələsə də cəmiyyətdə savadsız insanlar arasında müəllimlərin, məmurların yəni, bütün peşə sahiblərinin arasında savadsız insanların olmasını diqqətə çatdırıb:
“Bu baxımdan məsələnin belə bir üslubda təqdimatı peşəkar jurnalistkaya, öz işinin ustası olan jurnalistlərimizə qarşı hörmətsizlikdir. Bu iradı qəbul etməli olan birinci tərəf, zənnimcə, həmin serialı ərsəyə gətirən prodakşn, o serialın müəllifləri və yaradıcı heyətidir. Onlar bu addımla həm iki fərqli peşə sahibləri arasında gərginlik yaradır, həm də bu serialı öz efirində yayımlayan telekanalı zərbə altında qoyurlar”.
R.Məcid bu gün cəmiyyətdə kifayət qədər insanın jurnalistləri gözdən salmaq niyyətində olduğunu vurğulayıb:
“Hesab edirəm ki, bu məsələlərdə həddindən artıq həssas olmaq lazımdır. Unutmayaq ki, jurnalistika ölkəmiz, cəmiyyətimiz üçün ən vacib, ən lazımlı peşələrdəndir və texnologiyalar nə qədər böyük sürətlə inkişaf etsə də, peşəkar jurnalistlərə həmişə ehtiyac olacaq”.
.jpg)
Kamran Əsədov: Jurnalist imla yaza bilmirsə, səbəbi müəllimdir
Təhsil eksperti Kamran Əsədov isə Bakıvaxtı.az-a bunun çox savadsızca, çox qeyri-peşəkarcasına, nifrət fonunda, qisasçılıqla hazırlanmış sujet olduğunu, belə sujetin dövlətin təhsil siyasətinə zidd olduğunu vurğulayaraq, burda jurnalistikanın yox, təhsilin gözdən salındığını bildirib.
O qeyd edib ki, təhsil ictimai yerdir və hər bir kəs təhsil prosesini, təhsil müəssisələrini, təhsil alanları müzakirə predmeti edə bilər. Ölkənin bütün vətəndaşlarının ailə üzvləri, yaxını, qohumu bu və ya digər formada birbaşa təhsillə bağlıdır:
“Bunu rəqəmlərdə deyir. Ölkənin 4432 orta ümumtəhsil müəssisəsində 1,6 milyon şagird təhsil alır. Yəni hər ölkə vətəndaşının 10 nəfərindən 1-i təhsil alandır. 51 universitetdən 187min tələbə var. Həmçinin bizim 1693 uşaq bağçasında 115minə yaxın uşaq təlim-tərbiyə prosesinə cəlb olunub. Peşə təhsili müəssisələrində, orta ixtisas təhsil müəssisələrində ümumilikdə 100minə yaxın insan var. Bu o deməkdir ki, təhsil hər kəsin işidir”.
K.Əsədov bu videonu çəkənlərin yaxşı məqsədə xidmət etmədiyini, bir müəllimin başqa sahədə çalışana imla yazdırmasının yolverilməz olduğunu söyləyib.
Ekspert bildirib ki, bizə əlimizdən tutub yazmağı öyrədən 742 müəllim öz ixtisası üzrə heç “şaftalı” , “asfalt” sözünü belə yaza bilmir. Onların fəaliyyətinin dayandırıldığını deyərək, əlavə etdi ki, MİQ-dən, sertifikasiyadan zəif nəticələr əldə edən kifayət qədər müəllim var.
“Yəni, kim kimi savadda günahlandırır?! Bu gün cəmiyyətdə savadsız varsa, imla yaza bilməyən varsa, oxumağı-yazmağı bilməyən varsa, bunun yeganə günahkarı müəllimdir”.
Müsahibimiz serial təhlil edərkən orada bir neçə məsələyə də toxunub:
“Orda dərs prosesində dərsdirsə, şagirdlər çöldə nə gəzirlər? Və yaxud da tənəffüsdürsə, digər şagirdlər hanı? Digər tərəfdən müəllimin danışığı, davranışı hətta 2014-cü ildə qəbul edilmiş qanuna görə, müəllimin etik davranış qaydalarına ziddir. Heç bir qanunvericilikdə jurnalistin və yaxud da valideynin məktəbə girməyi məhdudlaşmayıb ki, müəllim orda deyir ki, “sən niyə gəlmisən bura?”. Məktəb təhsil müəssisəsi, ictimai yerdir və hər kəs gələ bilər. Xüsusi təyinatlı müəssisə deyil ki, ora girmək məhdudlaşdırılsın. Şagidlərin əlində telefon var, halbuki, şagirdlərin etik davranış qaydaları qəbul edilib və orda bu məsələyə yanaşma nümayiş etdirilib”.
K.Əsədovun fikrincə, kimlərsə, baş verən hadisələrdə jurnalistlərin mövqeyinə görə qıcıqlanıb bunu qoyub. Amma müəllim adının belə hallandırılmasını, müəllim adının hər hansı məqsədli siyasi oyuna qurban edilmsinin yalnış olduğunu qeyd etdi:
“Biz təhsil sistemində nəyə nail olmaq istəyirik? Bizim hədəfimiz nədir? Biz vətəndaş yetişdiririk. Amma bu videoda yetişdirdiyimiz vətəndaşı özümüz tənqid edirik. İspat edirik ki, biz vətəndaş yetişdirə bilmirik. Bizim vətəndaş yetişdirməklə bağlı problemimiz var”.
Mina Mikayılova
















