Ən çox rast gəlinən problemlərdən biri onlayn istismardır.
Bakıvaxtı.az xəbər verir ki, bunu “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin sədri Kəmalə Aşumova “Rəqəmsal mühitdə uşaqların müdafiəsi: müasir alətlər və beynəlxalq əməkdaşlıq” mövzusunda keçirilən konfransın panel müzakirəsində bildirib.
Onun sözlərinə görə, bu ilin yanvar–noyabr ayları ərzində 4265 müraciət qəbul edilib və narahatedici məqam təkcə müraciətlərin sayının artması deyil, həm də tendensiyanın dəyişməsidir. Əvvəllər emosional və psixoloji zorakılıqla bağlı müraciətlər üstünlük təşkil edirdisə, hazırda rəqəmsal istismar halları artmaqdadır.
Kəmalə Aşumova qeyd edib ki, Avropada fəaliyyət göstərən İnternet Watch Foundation (IWF) yanvar ayında süni intellekt əsaslı çat-botlar vasitəsilə uşaq cinsi istismar materiallarının yayıldığını aşkarlayıb. Belə ki, adi söhbət botu kimi təqdim olunan bir vebsaytın gizli bölməsində 7 yaşlı uşaqlara aid cinsi istismar halları qeydə alınıb.
IWF-nin məlumatına əsasən, 2025-ci ilin ilk 6 ayında süni intellekt vasitəsilə yaradılmış istismar materiallarının sayı 400% artıb. Əgər 2024-cü ildə bu məqsədlə istifadə olunan 42 vebsayt müəyyən edilmişdisə, 2025-ci ildə artıq 210 belə sayt aşkarlanıb. Bu isə cinayətkarların uşaqlarla birbaşa əlaqə qurmadan, sosial şəbəkələrdə paylaşılan adi şəkillər üzərindən virtual istismar həyata keçirə bildiyini göstərir.
Bundan əlavə, 2025-ci ilin ilk 6 ayında süni intellektlə yaradılmış 1286 istismar videosu müəyyən edilib ki, onların 1000-dən çoxu ən ağır kateqoriyaya aid materiallardır.
Kəmalə Aşumova vurğulayıb ki, uşaqların rəqəmsal mühitdə təhlükəsizliyini təmin etmək üçün onların və valideynlərin maarifləndirilməsi, riskli platformalardan qorunma mexanizmlərinin gücləndirilməsi vacibdir. Onun sözlərinə görə, təlimatlar, valideyn nəzarəti və platformaların təhlükəsizlik alətləri ilə yanaşı, məktəblər, vətəndaş cəmiyyəti və dövlət qurumları birgə fəaliyyət göstərməlidir.
Zeynəb Rzayeva
Bakı 




