Rusiya Prezidenti Vladimir Putin ABŞ lideri Donald Trampın təklif etdiyi 30 günlük atəşkəs üçün şərt kimi Ukraynaya bütün silah tədarükünün dayandırılmasını tələb edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.
Qeyd edilib ki, liderlər martın 18-də telefon danışığı zamanı bu məsələni müzakirə edəcəklər.
Avropanın yüksək rütbəli rəsmisi və Moskvadakı üç mənbə bildirib ki, Rusiya lideri ötən həftə Trampın nümayəndəsi ilə görüşdə silah satışını dayandırmağın atəşkəs üçün ilkin şərt olduğunu deyib.
“Bloomberg” qeyd edib ki, Avropalı müttəfiqlər Rusiyanın Ukraynaya silah tədarükünün dayandırılması tələbindən narahatdırlar və hesab edirlər ki, belə bir nəticə Rusiyaya atəşkəs zamanı yenidən silahlanmağa imkan verəcək, Ukrayna isə zəruri hərbi dəstəkdən məhrum olacaq.