"Kosmetik məhsulların düzgün saxlanılması onların keyfiyyətinin və təhlükəsizliyinin qorunması baxımından mühüm əhəmiyyət daşıyır".
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi Respublika Sanitariya-Karantin Mərkəzinin Sanitariya-Gigiyena nəzarəti və ekspertiza şöbəsinin həkim-gigiyenisti Orxan İsmayılov qurumun “Instagram” hesabında keçirilən canlı yayım zamanı deyib.
Onun sözlərinə görə, kosmetik vasitələr sərin, quru və birbaşa günəş şüalarının düşmədiyi yerdə saxlanılmalıdır.
Mütəxəssis qeyd edib ki, məhsullar düzgün olmayan şəraitdə saxlanıldıqda onların tərkibi və konsentrasiyası pozulur, istifadə müddəti qısalır:
Buna görə də kosmetik vasitələr rütubətli mühitdən uzaq tutulmalı, hamam və vanna otaqlarında saxlanılmamalıdır”.
Orxan İsmayılov qeyd edib ki, məhsulların qapağı istifadədən sonra möhkəm bağlanmalıdır.
“Hava ilə təmas məhsulun oksidləşməsini sürətləndirir və daha tez xarab olmasına səbəb olur. Kosmetik vasitələrin saxlanılması üçün optimal temperatur 15-25 dərəcə, rütubət isə 40-60 faiz arasında olmalıdır”, – deyə o vurğulayıb.
Mütəxəssis əlavə edib ki, bəzi kosmetik məhsullar soyuducuda saxlanıla bilsə də, tonal kremlər və yağ əsaslı məhsullar üçün bu uyğun deyil.
“Gigiyena qaydalarına da əməl etmək vacibdir. Kremi qabdan barmaqla deyil, xüsusi spatula ilə götürmək, makiyaj fırçalarını və digər tətbiq vasitələrini mütəmadi olaraq yumaq lazımdır”, – deyə Orxan İsmayılov bildirib.
Zeynəb Rzayeva
Bakı 



