• Bakı 20° C

    3.95 m/s

  • USD - 1.7

    EUR - 1.8976

    RUB - 0.0182

Laçın və İrpen şəhəri arasında qardaşlaşma sənədi imzalandı - YENİLƏNİB

SİYASƏT

30 Sentyabr 2024 | 16:16

Laçın və İrpen şəhəri arasında qardaşlaşma sənədi imzalandı - YENİLƏNİB

Ukrayna nümayəndə heyətinin Laçın şəhərinə səfəri gerçəkləşib.

Bakıvaxtı.az xəbər verir ki, nümayəndə heyəti Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin təmsilçiləri tərəfindən qarşılanıb.

    Səfərin məqsədi Azərbaycan Respublikası Laçın şəhəri ilə Ukrayna Respublikasının İrpin şəhərlərinin qardaşlama memorandumunun imzalanma mərasimi olub.

    Laçın rayonunda keçirilən görüşdə, Laçın Rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəsi Məsim Məmmədov və nümayəndəliyin məsul şəxsləri, Ukrayna Deleqasiyasının üzvlər İrpin şəhərinin meri Oleksandr Markuşin, Ukraynanın Azərbaycan Respublikasında səfirinin birinci katibi Andrey Onişenko iştirak ediblər.

    Sözügedən memorandum Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov və İrpin şəhər meri Oleksandr Markuşin arasında imzalanıb. Həmçinin qardaşlaşma əlaməti olaraq tərəflər bir birilərinə hədiyyələr təqdim ediblər. Memoranduma əsasən İştirakçılar tarixi-mədəni irsin qorunması, şəhərsalma, ətraf mühitin mühafizəsi, abadlıq, ictimai nəqliyyat, informasiya texnologiyaları, enerji səmərəliliyi, tullantıların idarə edilməsi, gənclər və idman sahələrində məlumat və təcrübə mübadiləsi yolu ilə əməkdaşlıq edəcəklər.

    Daha sonra Laçın şəhəri ilə tanışlıq olub. Qonaqlar kitabxanada, Laçın şəhər 2 saylı tam orta məktəbdə, Hoçazfilm çəkiliş pavelyonunda, Gilabi yaradıcılıq mərkəzində və Sus kənd uşaq baxçasında olublar.

    İrpin şəhərinin meri Oleksand Markuşin deyib ki, bu gün xüsusi bir gündür. Ukrayna ilə Azərbaycan arasında onilliklər ərzində mövcud olan dostluq əlaqələri rəsmi olaraq möhkəmləndirdirilib: "Bu gün biz münasibətlərimizim inkişafında yeni səhifə açırıq. Qarşıda çoxlu birgə layihələr, mədəni mübadilələr, uşaqlarımızın sağlamlığının yaxşılaşdırılması, iqtisadi təşəbbüslər olacaq. Biz bir-birimizdən öyrənib, gələcək təcrübə mübadiləsinə, o cümlədən icmalar üçün birgə səmərəli işlərin qurulmasına töhfə verəcəyik".

    Onun sözlərinə görə, Azərbaycan xalqının dəstəyi Ukrayna üçün əvəzsizdir.

    Markuşin xatırladıb ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin xüsusi tapşırığına əsasən, Azərbaycan Hökuməti “SOCAR” şirkəti ilə birlikdə İrpinin mühüm binalarını, xüsusən Zərifə Əliyeva adına 12 saylı liseyi, şəhər klinikasını qısa müddətdə bərpa edib.

    Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov jurnalistlərə müsahibəsində bildirib ki, bugünki görüş çox böyük əhəmiyyət kəsb edir: "Memorandumun imzalanması şəhərlərimizin tarixi mədəniyyəti və həyati ilə yaxından qarşılıqlı şəkildə tanış olması üçün həm də dostluq əlaqəsinin yaradılması üçün nəzərdə tutulub. Bu əlaqə nəinki beynəlxalq müstəvidə həmçinin şəhərlərin icmaları arasında iqtisadi, mədəni, turizm və təhsil sahələrində də əlaqələrin inkişafına töhvə verəcək. Şəhərlər arası münasibətlərin həyata keçirilməsi çərçivəsində nümayəndə heyətlərinin idman və bədii kollektivlərinin səfərləri nəzərdə tutulur və şəhərlərin həyatını əks etdirən foto sərgilərin nümayiş etdirilməsi və əlbətdəki şəhər idarəetməsi təcrübəsi sahəsində fikir mübadiləsi aparılacaq".

    ***

    15:42

    Azərbaycanın Laçın şəhəri ilə Ukraynanın İrpen şəhəri arasında qardaşlaşma haqqında sənəd imzalanıb.

    Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev “X” hesabında paylaşım edib. Diplomat bildirib ki, imzalanma mərasimi İrpenin meri Oleksandr Markuşinin Laçına səfəri çərçivəsində baş tutub.

      Onun sözlərinə görə, bu addım regionlar arasındakı əməkdaşlıqda yeni səhifənin açılmasına səbəb olacaq.


      SON XƏBƏRLƏR