"Atəşkəs razılaşmasına baxmayaraq, şiddət davam edir".
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov Valday Diskussiya Klubunun təşkil etdiyi 14-cü Yaxın Şərq Konfransında bildirib.
O, Qəzzada vəziyyətin ağır olduğunu dilə gətirib. Qeyd edib ki, 46 min fələstinli həyatını itirib, o cümlədən, 100 min nəfər yaralanıb.
Rusiyanın baş diplomatı əlavə edib ki, bu rəqəm Ukrayna ilə münaqişə zamanı hər iki tərəfin itkilərinin sayından iki dəfə çoxdur:
"Zərər 1948-1949 və 1967-ci illər Ərəb-İsrail müharibələrinin vurduğu zərərdən çoxdur. Bu da diqqəti çəkir".
Onun sözlərinə görə, İsrail tərəddüd etmədən İordan çayının qərb sahilində hərbi əməliyyatlarını davam etdirir:
"Etibarlı mənbələrdən əldə edilən məlumata görə, İsrail İordan çayının şimal-qərbində nəzarəti ələ keçirməyi, həmçinin fələstinliləri Qəzza zolağından çıxarmağı planlaşdırır. İsrail də Livan ərazisində qalmaq istəyir. Donald Trampın ABŞ-də hakimiyyətə gəlməsi ilə Suriyanın Qolan təpələri də itirilmiş ərazi sayıla bilər”.
Fələstin dövlətinin qurulmasının əhəmiyyətinə işarə edən Lavrov söyləyib ki, Fələstin dövlətinin qurulması İsrailin bütün ərəb dünyası ilə əlaqələrini yaxşılaşdıracaq.
Əli Hüseynov