Makronun son açıqlamaları Avropada Rusiya ilə münasibətlərin gələcək formatı ətrafında müzakirələri yenidən aktuallaşdırıb. Xüsusilə Ukrayna münaqişəsinin uzanması, enerji təhlükəsizliyi və iqtisadi çətinliklər fonunda Avropa paytaxtlarında dialoqun bərpasının mümkün nəticələri daha açıq şəkildə müzakirə olunur.
Avropa-Rusiya dialoqunun yenidən qurulması Ukrayna münaqişəsinin gedişinə və regionda güc balansına necə təsir göstərə bilər?
Mövzuyla bağlı Bakıvaxtı.az-a danışan politoloq Tofiq Abbasov bildirib ki, Avropa hazırda həqiqətən də çaşqın bir vəziyyətdədir və gələcək addımlarını nə müəyyən edə bilir, nə də öz hərəkət və imkanlarını tənzimləyə bilir. Çünki faktiki olaraq Amerikanın Avropadan müəyyən qədər uzaqlaşması köhnə qitəni çıxılmaz vəziyyətə salıb.
Politoloqun sözlərinə görə, Avropa İttifaqının daxilində bəzi qeyri-adi proseslər baş verir. Mərkəzdənqaçma meyilləri artıq açıq şəkildə özünü göstərir. Bəzi ölkələr rəsmi Brüsselin siyasətindən narazı olduqlarını açıq şəkildə bildirirlər. Burada əsasən Macarıstan, Slovakiya, müəyyən hallarda isə Polşa qeyd olunur.
Ekspert qeyd edir ki, bu səbəbdən Avropa İttifaqı hazırda bir növ çıxılmaz tərəddüd vəziyyətində qalıb və hansı istiqamətdə hərəkət etməli olduğunu dəqiqləşdirə bilmir. Əsas problem ondan ibarətdir ki, Avropa Ukrayna məsələsini öz əlində siyasi alətə çevirdikdən sonra vəziyyət daha da mürəkkəbləşdi:

Tofiq Abbasov: Avropanın çıxış yolu ilk növbədə öz əlindədir
"2022-ci ilin fevralında Ukraynada hərbi əməliyyatlar başladıqdan sonra bu vəziyyətdən ən çox fayda götürən tərəf ABŞ oldu. İlk növbədə Amerikanın qazı Avropaya ixrac olunmağa başladı. Ümumilikdə enerji bazarlarında Vaşinqton əsas söz sahibi mövqeyinə yüksəldi. Halbuki Avropa uzun illər ərzində Rusiyadan münasib qiymətlərlə həm neft, həm də qaz alırdı. Müharibə nəticəsində bu sistem tamamilə pozuldu və nəticədə əsas qazanan tərəf ABŞ oldu.
Hazırda Avropalılar anlayırlar ki, faktiki olaraq Ukrayna probleminin girovuna çevriliblər. Bir tərəfdən Vaşinqtondan Ukraynaya dəstəyin azaldılmasını tələb edirdilər, digər tərəfdən isə özləri də müxtəlif mexanizmlərlə Kiyevə dəstək verməyə çalışırdılar".
Müsahibimiz vurğulayır ki, indi isə müharibənin sonunun görünməsi ilə vəziyyət dəyişir. Müharibənin uzanmasında Avropanın da rolu olduğu barədə fikirlər səslənir və bunun nəticələri artıq hiss olunur. 2022-ci ilin martında danışıqlar üçün müəyyən zəmin olduğu deyilirdi. Əgər həmin vaxt proses pozulmasaydı, bəlkə də müharibə bu səviyyəyə çatmaz, bu qədər uzanmaz və dağıntılarla itkilər daha az olardı:
"Müharibənin uzanması Avropa üçün həm maliyyə yükü yaratdı, həm də siyasi riskləri artırdı. Məqsəd Rusiyanı zəiflətmək idi. Lakin Rusiyanın strateji resurs bazası kifayət qədər zəngindir və onu qısa müddətdə zəiflətmək asan deyil.
Hazırkı mərhələdə Fransa Prezidenti Emmanuel Makronun daha fəal mövqe tutduğu görünür. Breksitdən Avropa İttifaqını tərk etdikdən sonra Avropada liderlik məsələsi aktuallaşdı. Almaniya uzun müddət maliyyə imkanları sayəsində özünü rahat hiss edirdi. Lakin Rusiyadan enerji idxalının dayandırılması və iqtisadi çətinliklər Almaniyanın maliyyə resurslarını ciddi şəkildə azaltdı".
Onun sözlərinə görə, Makron Avropa Siyasi Birliyi təşəbbüsü ilə çıxış etdi və yeni platformalar yaratmağa çalışdı. Lakin bu təşəbbüslər hələlik gözlənilən nəticəni verməyib:
"Avropanın çıxış yolu ilk növbədə öz əlindədir. Müharibənin dayandırılması Avropaya iqtisadi və siyasi baxımdan nəfəs almaq imkanı verə bilər. Bunun üçün Ukraynanın danışıqlar masasına keçməsi vacib sayılır. Eyni zamanda sual açıq qalır: Vladimir Putin və Vladimir Zelenski bir masa arxasında oturacaqmı?
Müharibənin dayanması Avropaya Rusiya ilə münasibətlərin gələcək formatını yenidən qiymətləndirmək imkanı verə bilər. Çünki mövcud bazar şəraiti və yüksək enerji qiymətləri Avropanın planlarını ciddi şəkildə çətinləşdirir".
T.Abbasov bildirib ki, hazırkı şəraitdə Avropanın qarşısında üç əsas vəzifə dayanır: Rusiya ilə dialoqu bərpa etmək, Ukrayna müharibəsinə daha realist yanaşma sərgiləmək və ABŞ-yə göstərmək ki, Avropa onun iştirakı olmadan da müstəqil aktor kimi proseslərdə yer ala bilər.
Zeynəb Rzayeva
Bakı 




