• Bakı 25° C

    12.79 m/s

  • USD - 1.7

    EUR - 1.9897

    RUB - 2.109

MEHRİBAN ƏLİYEVA - Milli dövlətçilik tariximizin görkəmli qadın dövlət xadimi

SİYASƏT

25 Avqust 2025 | 15:48

MEHRİBAN ƏLİYEVA - Milli dövlətçilik tariximizin görkəmli qadın dövlət xadimi

“Mehriban Əliyeva çox peşəkar, bilikli, təcrübəli, prinsipial, çox xeyirxah bir insandır. Təsadüfi deyil ki, Azərbaycan xalqı ona böyük rəğbət və sevgi ilə yanaşır."

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Deyirlər ki, həyat daha çox başqalarına səadət gətirənləri xoşbəxt insan kimi ucaldır. Sözsüz ki, insanları sevmədən, onlara inanmadan həyatı sevmək də mümkün deyil. Çünki insan yaradılanı Yaradana görə sevir. Şəxsi marağına deyil, ümumi maraqlara xidmət edən belə fədakər insanların da həyatda uğur hekayələri məhz bu fəlsəfədən qaynaqlanır. Bu kiçik yazının BÖYÜK QƏHRƏMANIN- Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və Birinci Xanımı möhtərəm xanım Mehriban Əliyevanın da həyat kredosu bu fəlsəfə üzərində qurulmuşdur. Bunun nəticəsidir ki, onun adı çoxdan milli dövlətçilik tariximizin ən parlaq səhifələrinə, ən görkəmli qadın dövlət xadimi kimi yazılmışdır.

Bugünlərdə Azərbaycan ictimaiyyəti, eləcə də xalqımız ənənəyə sadiq qalaraq, böyük sevinc və minnətdarlıq hissi ilə Azərbaycan Respublikasının Birinci vitse- Prezidenti Mehriban xanım Əliyevanın doğum gününün böyük hörmət və sevgi ilə qeyd edilməsi də bu reallıqların nəticəsidir. Möhtərəm Mehriban Əliyeva bu sevgi və rəğbəti öz əməli ilə, bəşəri dəyərlərə, insanlara və insanlığa verdiyi qiymətlə qazanıbdır. Mehriban xanım Əliyeva hələ ilk müsahibələrində “Həyatda hər bir kəsin yerini və taleyini tarix müəyyən edir” deyərək, özünün nəcib məramı ilə milyonlarla insanın könlünü fəth etmişdi. Onun təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən əzəmətli layihələrlə mədəniyyətimizin qoruyucusu və təbliğatçısı, səhiyyənin və təhsilin hamisi, ümid qapısı, çarəsizlərin çarəsi, kimsəsizlərin dayağı adlandırıldı. Bu gün ölkəmizdə elə bir sosial problem yoxdur ki, orada onun humanist dəsti-xətti olmasın. Beynəlxalq səviyyədə həyata keçirdiyi humanitar və sosial layihələrlə, özünün mədəniyyət diplomatiyası ilə dövlətimizin və xalqımızın nüfuzunu daha da artırdı. Həm ölkəmizdə, həm də sərhədlərimizdən çox-çox uzaqlarda sevildi və hörmət qazandı. Onun səmimiyyətinə inandılar və etimad göstərdilər. Mehriban xanım Əliyeva xalqımızın yaratmış olduğu maddi-mənəvi irsin müdafiəçisi olmaqla bərabər, həm də insanlığı minillər boyu qazanılmış bəşər mədəniyyətini qorumağa çağırdı və sivilizasiyalarası dialoqa mühüm töhfələr verdi. Onun təşəbbüsü və təşkilatçılığı ilə ölkəmizdə və xaricdə onlarla yüksək səviyyəli tədbirlər keçirildi.

O, çıxışlarında “Həyatda nə böyük, nə də kiçik rollar olmur’ deyərək, düşüncə və baxışlarını insanlarla paylaşdı. O hansı vəzifədə oldusa, o vəzifəyə şöhrət gətirdi. Möhtərəm Birinci-vitse prezidentimiz hansı işi görməyə qərar verdisə, hansı layihəni gerçəkləşdirdisə uğur qazandı. Ölkəmizdə və müxtəlif ölkələrdə, beynəlxalq təşkilatlarda hansı titullara, hansı vəzifələrə layiq görüldüsə, milli və bəşəri dəyərlərə xidmət etməklə o missiyanın həqiqi elçisinə və rəmzinə çevrildi.
Möhtərəm Mehriban xanım Əliyeva dünyanın gələcəyi naminə fərqli mədəniyyətlərə, dillərə, inanclara, rənglərə malik insanları dialoqa çağırdı. Dünyanın gözəlliyini və gələcəyini fərqlilikdə, bütövlükdə gördü. İnsanları güc və zor dili ilə deyil, mədəniyyət, sevgi, hümanizm dili ilə münasibət qurmağa səslədi. Xalqımızın timsalında birgə yaşamağın mümkünlüyünü sübut etdi. Ucalmağın və ucaltmağın, insanların inamını və etimadını qazanmağın, onlar üçün ümid yeri olmağın yolunu göstərdi.

İnsanlara “Kimsənsə, elə də olmalısan,bax, budur bizim həyatımız.” səslənərək, insanlara və insanlığa xidmət etməkdən zövq aldı. Mərhəmətin, məsuliyyətin, vicdanın Vətəninə və vətəndaşına xidmət etməyin təməl prinsipi olduğunu əməli ilə sübut etdi.

Respublikamızın Birinci vitse-prezidentinə ötən dövr ərzində ölkə daxilində, eləcə də, beynəlxalq aləmdə böyük etimad göstərilmiş və bir sıra vəzifələrlə görəvləndirilmişdir. Bütün bu vəzifələrdə O, fəaliyyəti ilə, qazandığı şöhrətlə ölkəmizə və xalqımıza baş ucalığı gətirmişdir. Çünki onun həyat fəlsəfəsində vəzifə insanlara ləyaqətlə xidmət etmək üçün vasitədir. Vəzifənin böyük-kiçikliyi və ya ictimai-dövlət olması əsas ola bilməz. Bu baxımdan onun həyata keçirdiyi hər bir layihənin məqsədində və hədəfində dövlətinə, vətəninə, xalqına və insanlığa xidmət etmək olmuşdur. Mehriban xanım Əliyeva Azərbaycan Mədəniyyətinin Dostları Fondunun qurucusu və sədri, Gimnastika Federasiyasının Prezidenti, Azərbaycanın Birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, Millət vəkili, Yeni Azərbaycan Partiyası sədrinin I müavini, UNESCO və İSESCO-nun Xoşməramlı Səfiri, I Avropa Oyunları və IV İslam Həmrəylik Oyunlarının Təşkilat Komitəsinin Sədri...nəhayət...Azərbaycan Respublikasının Birinci vitse-prezidenti kimi ali və mötəbər vəzifələrdə heç vaxt dəyişmədi. Əksinə sadəliyin və səmimiyyətin, kamilliyin əsil nümunəsi və hər kəs üçün “Sizin Mehriban” oldu. Bütün bu vəzifələrdə Mehriban xanım Əliyeva ona etimad göstərən insanlar, təşkilatlar qarşısında hesabatlılığı özünə borc bildi, onu dövlət idarəçiliyinin əsas atributu hesab etdi.

Azərbaycan Respublikasının Birinci vitse - prezidenti Mehriban xanım Əliyeva tariximizi zənginləşdirən bir çox ilklərə də imza atmışdı. Azərbaycan dövlətçilik tarixində ilk Birinci xanım, Birinci Xanım İnstitutunun yaradıcısı, ölkəmizin daxili və xarici siyasətində xüsusi rola malik və beynəlxalq aləmdə böyük nüfuza malik ilk və ən böyük qeyri-hökumət təşkilatı Heydər Əliyev Fondunun qurucu rəhbəri, Azərbaycanın dövlətçilik tarixində ölkəmizdən seçilmiş UNESCO və İSESCO-nun ilk azərbaycanlı Xoşməramlı Səfiri, həm UNESCO, həm də İSESCO-nun dünyada ilk Xoşməramlı Səfiri, I Avropa Oyunlarının keçirilməsi üzrə Təşkilat Komitəsinin ilk sədri, Hakimiyyətin qanunverici qolundan İcra qoluna keçid edilərkən seçicilər və Qanunverici hakimiyyət qarşısında hesabat vermək ənənəsinin təməlini qoyan ilk Dövlət Adamı....

Bu ilklər çoxdur... Əsas odur ki, onun imza atdığı bu ilklər, ölkəmizdə və beynəlxalq aləmdə yüksək qiymətləndirilir, təqdir edilir. Bu gün ölkəmizdə və dünyada bir çox ilklərə imza atmış Mehriban xanım Əliyeva Azərbaycan dövlətçilik tarixində, xüsusilə də çağdaş dövlətimizdə Azərbaycan Respublikasının ilk Birinci vitse-prezidenti kimi də bir İlkdir...

Sozsuz ki, xanım Mehriban Əliyevanın coxşaxəli və genişmiqyaslı fəaliyyətini bir yazıda qeyd etmək mümkün deyil. Necə deyərlər, görünən dağa nə bələdçi....

Möhtərəm Birinci vitse-prezidentimiz ötən otuz il ərzində Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasından yorulmadı. Yüksək kürsülərdə Qarabağın, Xocalının, qaçqın və köçkün soydaşlarımızın eşidilməyən səsi və görməyənlərin gözü olduz. O, hər bir layihəsində Qarabağ Azərbaycandır dedi.

Bəli, bu gün ölkəmizin həyatında əlamətdar bir gündür.

Möhtərəm Birinci vitse-Prezidentimizin bu ilki doğum günü Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər epoxası qeyd edilir. O epoxa ki, Müzəffər Ali Baş Kamandanımızın rəhbərliyi ilə qəhrəman Milli Ordumuz Vətənimizin ayrılmaz parçası olan Qarabağ torpağını təcavüzkar Ermənistanın işğalından azad etdi. Müharibənin ən qızğın və təhlükəli günlərində Mehriban xanım Əliyavanın Ali Baş Kamandanımızın ömür-gün yoldaşı, ən yaxın silahdaşı və Respublikamızın Birinci vitse-Prezidenti kimi cəbhə bölgəsinə, işğaldan azad olunmuş ərazilərimizə səfəri isə şəksiz qələbəmizə inamı bir daha artırdı. Onun Ali Baş Kamandanımızla çiyin-çiyinə etdiyi bu səfərlər sözün əsl mənasında düşmənə və onun havadarlarına göz dağı oldu. Fəxarətlə deyə bilərik ki, Vətən müharibəsi dövründə, eləcə də, müharibədən sonrakı bütün səfərlər, orada çəkilmiş video və fotolardakı onun məğrur və təmkinli görkəmi dünya mediasının baş xəbərinə çevrildi. O, bu səfərlə cəsur Azərbaycan qadınının obrazını dünyaya bir daha bəyan etdi və bununla Qarabağ əzəli və əbədi Azərbaycan torpağıdır dedi. O, hər səfəri ilə əsgər analarının ümid yeri və sarsılmaz dayağı oldu. Ürəyi daim şəhid analarının ürəyi ilə döyündü, onların göz yaşı onun göz yaşı oldu. O, müqəddəs Ana şəfqəti ilə qəhraman qazilərimizin yarasına məlhəm oldu.

Möhtərəm Mehriban xanım Əliyevanın ən böyük arzusu sözsüz ki, respublikamızın ərazi bütövlüyünün və suverenliyinin bərpası, Qarabağ torpaqlarının işğaldan azad edilməsi idi. O, Qarabağın tarixi şöhrətinin yenidən bərpası üçün kim bilir neçə-neçə möhtəşəm layihələr planlaşdırıbdır. Qarabağda keçiriləcək beynəlxalq tədbirlər və bu tədbirlərdən dünyaya sülh çağırışları, humanitar forumlar, Şuşada Xaribülbül festifalları və daha nələr... Bugün dünyada ildən-ilə artan irqi ayrıseçkiliyin olduğu dövrdə o, multikultural dəyərlərin və tolerantlığın ən öndə gələn təbliğatçısıdır. Son illərdə multikultural dəyərlərin bəşəri dəyər kimi təbliğinə həsr edilmiş müxtəlif beynəlxalq tədbirlərin Xankəndində keçirilməsi də onun başladığı missiyanın nəticəsidir. Mehriban xanım Əliyeva Prezidentimizlə gecəni gündüzə qataraq, ən yaxın zamanlarda Qarabağa böyük qayıdış proqramının uğurla başa çatması və Qarabağın dirçəlişi naminə böyük fədakarlıqlar göstərirlər.

Əminik ki, Azərbaycan Respublikamızın Birinci vitse-Prezidenti Mehriban xanım Əliyeva nəcib əməli, xoş niyyətli, tükənməz vətən sevgisi, dövlətinə və xalqına xidməti və yorulmaz fəaliyyəti ilə milli dövlətçilik tariximizin şanlı və şərəfli səhifələrinin ən görkəmli Qadın Dövlət Xadimi kimi xalqımızın qan yaddaşına əbədi yazılacaqdır.

Son olaraq, bu gözəl fürsətdən istifadə edərək, əziz və möhtərəm Mehriban xanımı öz adımdan və seçicilərim adından doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, can sağlığı, ailəsinə xoşbəxtlik və Azərbaycanımızın gələcəyi naminə həyata keçirdiyi müqəddəs missiyasında uğurlar arzulayıram.

Məlahət İbrahimqızı xaricdəki əmlaklarından ayda 50 min dollardan çox icarə haqqı alır – İDDİA

Məlahət İbrahimqızı,
millət vəkili, tarix elmlər üzrə fəlsəfə doktoru


SON XƏBƏRLƏR