ABŞ prezidenti Donald Tramp Ukrayna müharibəsi ilə bağlı açıq və iddialı bəyanat verib. O bildirib ki, Ukrayna öz ilkin sərhədləri daxilində bütün ərazilərini geri qaytarmaq üçün real şansa malikdir.
Bu açıqlama beynəlxalq aləmdə geniş rezonans doğurub. Çünki Trampın sözləri həm ABŞ-nin yeni administrasiyasının mövqeyini göstərir, həm də Qərb dövlətlərinin dəstəyinə dair gözləntiləri formalaşdırır. Müharibənin davam etdiyi şəraitdə bu bəyanat həm hərbi balans, həm də siyasi gündəlik baxımından mühüm əhəmiyyət daşıyır.
Məsələ ilə bağlı Bakıvaxtı.az-a danışan politoloq Züriyə Qarayeva bildirib ki, Trampın bu bəyanatı artıq ABŞ administrasiyasının yeni mövqeyinin ifadəsi kimi dəyərləndirilə bilər. Onun sözləri yalnız siyasi ritorika deyil, həm də Vaşinqtonun Ukraynaya dəstəyini davam etdirəcəyinə dair mesajdır. Politoloq deyib ki, real vəziyyət isə hələ mürəkkəbdir, çünki Ukraynanın bütün əraziləri qısa müddətdə qaytarmaq imkanı məhduddur:
“Bununla belə, uzunmüddətli perspektivdə Qərbin davamlı dəstəyi bu ehtimalı gücləndirə bilər. Trampın açıqlaması həm də ABŞ-ın liderlik mövqeyini bir daha təsdiqləyir”.
Hazırda hərbi balans hələ də qeyri-sabit olduğunu deyən Z.Qarayeva bildirib ki, Rusiya resurs və hərbi arsenal baxımından üstünlüyünü qoruyur, lakin Ukrayna Qərbin dəstəyi ilə mübarizəsini davam etdirir. Dediyinə görə, Tramp administrasiyası yeni hərbi paketlər və texnoloji dəstək vasitəsilə bu balansı Ukraynanın xeyrinə dəyişməyə çalışır.
Müsahibimiz hesab edir ki, qısa müddətdə tam qələbə ehtimalı zəifdir, amma uzunmüddətli strateji yanaşma nəticə verə bilər. Bu, həm də Ukraynanın döyüş iradəsindən və Qərbin sabit dəstəyindən asılı olacaq.
Züriyə Qarayeva: Qısa müddətdə tam qələbə ehtimalı zəifdir, amma uzunmüddətli strateji yanaşma nəticə verə bilər
Politoloq bildirib ki, bu açıqlama Qərb ölkələri üçün motivasiyaedici siqnal kimi qiymətləndirilə bilər:
“Trampın sözləri, ABŞ administrasiyasının dəstəyini açıq şəkildə ifadə etdiyi üçün Avropadakı tərəfdaşlara da güclü mesajdır. Yardımların nəticə verəcəyinə dair inamın qorunması ictimai rəydə mühüm rol oynayır”.
Onun fikrincə, bu bəyanat Avropa dövlətlərini dəstəyi davam etdirməyə təşviq edə bilər. Yəni, açıqlama həm hərbi, həm də psixoloji planda gücləndirici faktordur.
“Trampın sözləri Ukraynada həm siyasi rəhbərlik, həm də ictimaiyyət üçün mühüm motivasiya qaynağıdır. Bu bəyanat ölkə daxilində mübarizə əzmini gücləndirir. Ukraynalılar üçün beynəlxalq dəstəyin davam etməsi və ABŞ prezidentinin açıq mesajı böyük önəm daşıyır. Əsgərlər və mülki əhali üçün bu, “yalnız deyilik” mesajı deməkdir. Beləliklə, Trampın açıqlaması Ukraynada həm hərbi, həm də ictimai ruh yüksəkliyini artırır”, - deyə Züriyə Qarayeva əlavə edib.
Zülfü Məmmədov