Azərbaycan Mərkəzi Bankı (AMB) və "Visa" şirkəti arasında innovativ ödəniş infrastrukturunun formalaşdırılması imkanları müzakirə edilib.
Bakıvaxtı.az xəbər verir ki, müzakirələr AMB-nin sədri Taleh Kazımovun "Visa" şirkətinin Mərkəzi və Şərqi Avropa, Yaxın Şərq və Afrika üzrə regional prezidenti Tariq Mahmudun rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirilən görüşdə aparılıb.
Görüş zamanı son illərdə ölkənin maliyyə sektorunda həyata keçirilən genişmiqyaslı fəaliyyət, rəqabətqabiliyyətli və innovativ ödəniş infrastrukturunun formalaşdırılması, nağdsız ödənişlərin təşviqi, eləcə də rəqəmsal ödənişlərin qəbulunun genişləndirilməsi istiqamətində mövcud imkanlar və yeni təşəbbüslər barədə ətraflı fikir mübadiləsi aparılıb. Beynəlxalq təcrübənin və müasir yanaşmalarının öyrənilməsi və tətbiqi baxımından "Visa" kimi təcrübəli şirkətlərlə əməkdaşlığın önəmi vurğulanıb.
Görüşdə həmçinin Mərkəzi Bank və "Visa" arasında gələcək əməkdaşlıq imkanları, maliyyə texnologiyaları ekosisteminin inkişaf perspektivləri müzakirə olunub.