Meşə fondunda meşə təsərrüfatının aparılması və meşədən istifadə ilə əlaqədar olmayan tikinti və mədən işlərinin aparılması qaydaları dəyişib.
Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Meşə Məcəlləsinə, Mülki Məcəlləyə, Vergi Məcəlləsinə, Şəhərsalma və Tikinti Məcəlləsinə, “İcra haqqında” və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunlara təklif edilən dəyişikliyi təsdiq edib.
Dəyişikliyə əsasən, meşə fondunda meşə təsərrüfatı və meşədən istifadə ilə əlaqədar olmayan tikinti işlərinin aparılması bu Məcəllənin tələbləri nəzərə alınmaqla Şəhərsalma və Tikinti Məcəlləsinə, “Ətraf mühitin mühafizəsi haqqında” qanununa, dağ-mədən işlərinin aparılması isə “Yerin təki haqqında” qanununa uyğun olaraq həyata keçiriləcək.
İcazədə görülən işlərin adı, müddəti və yerinə yetirilmə şərtləri, ətraf mühitin mühafizəsi barədə tələblər göstəriləcək. Bu işlərin yerinə yetirilməsi qırma ilə əlaqədar olduqda meşə təsərrüfatı müəssisəsi meşəqırma bileti yazır. Göstərilən işlərin yerinə yetirilməsində tətbiq olunan üsullar meşə fondunun vəziyyətinə və meşələrin bərpasına mənfi təsir göstərməməlidir.