Bu gün Milli Məclisin sədri Sahibə Qafarova Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Pakistan Senatının sədri Syed Yusuf Raza Gilaninin rəhbərlik etdiyi parlament nümayəndə heyəti ilə görüşüb.
Bu barədə Bakıvaxtı.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.
Sahibə Qafarova bildirib ki, bu səfər Azərbaycan və Pakistan arasında dostluq və qardaşlıq münasibətlərinin növbəti təzahürüdür. Spiker qeyd edib ki, Azərbaycan və Pakistan arasında strateji münasibətlər dostluq və qardaşlıq prinsipləri əsasında qurulub. İki ölkə arasında münasibətlərin inkişafında yüksək səviyyəli səfərlərin xüsusi rolunu qeyd edən Milli Məclisin sədri Prezident İlham Əliyevin Pakistana səfərlərinin, Pakistanın Baş nazirlərinin Azərbaycana səfərlərinin və imzalanmış sənədlərin xüsusi rolundan danışıb. Bildirilib ki, Pakistanın Baş naziri Şahbaz Şərif ölkəmizdə keçirilmiş COP29 konfransında iştirak edib və onun ölkəmizə növbəti səfərinin yaxın günlərdə baş tutması planlaşdırılır.
Sahibə Qafarova bildirib ki, parlamentlərimiz arasındakı qarşılıqlı əlaqə dövlətlərimiz arasında münasibətlərin inkişafına mühüm və müsbət təsir göstərir. Qeyd olunub ki, Azərbaycan, Pakistan və Türkiyə parlamentlərinin üçtərəfli formatda əməkdaşlığı strateji müttəfiq ölkələrimizin əldə etdikləri nailiyyətlərdən biridir. Bildirilib ki, Pakistan İslam Respublikası həm ikitərəfli, həm də çoxtərəfli formatlarda Azərbaycan xalqını narahat edən məsələlərdə Azərbaycanın ədalətli mövqeyini davamlı olaraq dəstəkləyir. Pakistanın qəti mövqeyi beynəlxalq səviyyədə tanınmış Azərbaycan ərazilərinin 30 illik Ermənistan işğalına son qoymuş 44 günlük Vətən müharibəsi zamanı açıq şəkildə nümayiş etdirildi. Azərbaycan xalqı Pakistanın ölkəmizin beynəlxalq hüquq normalarına və prinsiplərinə əsaslanan ədalətli mövqeyini dəstəkləməsini yüksək qiymətləndirir. Milli Məclisin sədri Azərbaycanın haqq işinə göstərilən ədalətli mövqeyə görə bir daha minnətdarlığını bildirib.
Söhbət zamanı spiker Sahibə Qafarova Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin fəaliyyəti, Azərbaycanın sədrliyi dövründə bu qurumun institusional inkişafı üçün görülən işlər, Ermənistanla sülh prosesinin gedişi, Azərbaycanın öz suverenliyini və ərazi bütövlüyünü tam bərpa etdikdən sonra bəzi Avropa təşkilatlarının və ölkələrinin ölkəmizə qarşı qərəzli münasibəti barədə qonaqlara məlumat verib.
Pakistan Senatının sədri Syed Yusuf Raza Gilani bildirib ki, bu, onun Azərbaycana ilk səfəridir. O, diqqətə çatdırıb ki, Pakistan və Azərbaycan həmişə bir-birilərini dəstəkləyən qardaş ölkələrdir və xalqlarımız ortaq dəyərləri bölüşürlər. Bildirib ki, Pakistan Ermənistanla diplomatik münasibət qurmayan nadir ölkələrdəndir. Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin ikinci üçtərəfli görüşünün də bu il Pakistanda keçirilməsi planlaşdırılır. Bununla yanaşı, ticarət, müdafiə, enerji, mədəniyyət, təhsil sahələrində əlaqələrimizi daha da inkişaf etdirmək üçün geniş imkanlar var.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər barəsində də fikir mübadiləsi aparılıb.