• Bakı C

    3.61 m/s

  • USD - 1.7

    EUR - 2.0008

    RUB - 2.2051

Milli Məclisdə Türkiyə parlamentariləri ilə görüş keçirilib - FOTO

SİYASƏT

24 Fevral 2026 | 19:03

Milli Məclisdə Türkiyə parlamentariləri ilə görüş keçirilib - FOTO

Fevralın 24-də Milli Məclisin komitə sədri Əhliman Əmiraslanovun rəhbərlik etdiyi Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri, Azərbaycan, Türkiyə və Gürcüstan Parlamentlərinin Xarici əlaqələr komitələrinin onuncu üçtərəfli iclasında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) xarici əlaqələr komitəsinin sədri Fuad Oktayın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, görüşdə Əhliman Əmiraslanov bildirib ki, ölkələrimiz arasında münasibətlər bütün sahələr üzrə yüksələn xəttlə inkişaf edir. O vurğulayıb ki, bu münasibətlərin əsasını hər iki ölkənin dövlət başçıları və xalqları arasında mövcud olan dostluq və qardaşlıq əlaqələri təşkil edir.Parlamentlərarası əməkdaşlığın inkişafından danışan komitə sədri qeyd edib ki, parlament rəhbərlərinin mütəmadi görüşləri, eyni profilli komitələr arasında keçirilən iclaslar, də eləcə də dostluq qruplarının fəaliyyəti bu əlaqələrin daha da möhkəmlənməsinə mühüm töhfə verir.

Bildirilib ki, digər sahəvi komitələrlə yanaşı, səhiyyə komitələri arasında da sıx əməkdaşlıq mövcuddur. Bu baxımdan TÜRKPA çərçivəsində də  bu təmasların mütəmadi xarakter alması çox əhəmiyyətlidir.

Öz növbəsində qonaq, TBMM – in xarici əlaqələr komitəsinin sədri Fuad Oktay göstərilən səmimi münasibətə görə təşəkkürünü bildirib.  

Komitə sədri qeyd edib ki, hazırda ən müxtəlif səviyyələrdə, o cümlədən parlamentlər arasında münasibətlər dinamik şəkildə inkişaf edir. Bildirilib ki, enerji təhlükəsizliyi sahəsində həyata keçirilən layihələr bu əməkdaşlığın mühüm istiqamətlərindən biridir. O, iqtisadiyyat və enerji transformasiyası sahələrində əldə olunan nailiyyətlərdən, eləcə də gələcəkdə bu istiqamətlər üzrə əməkdaşlığın daha da genişləndirilməsi perspektivlərindən bəhs edib.

Görüş zamanı üçtərəfli iclasın gündəliyinə daxil edilən məsələlərin strateji əhəmiyyəti, onların mövcud əməkdaşlıq mexanizmlərinin gücləndirilməsinə töhfəsi, eləcə də bu sahədə gələcək inkişaf perspektivlərinə mümkün təsiri müzakirə olunub. Qeyd edilib ki, bu məsələlərin həyata keçirilməsi tərəflər arasında əlaqələrin daha da genişlənməsinə və qarşılıqlı fəaliyyətin səmərəliliyinin artırılmasına xidmət edəcək.

Tədbirdə Milli Məclis Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri  Anar İsgəndərov, Eldar Quliyev, Eldar İbrahimov, Rəşad Mahmudov, Fatma Yıldırım, Tənzilə Rüstəmxanlı, Ağalar Vəliyev, Məlahət İbrahimqızı və Türkiyə Respublikası Böyük Millət Məclisinin xarici əlaqələr komitəsinin üzvləri iştirak ediblər.


SON XƏBƏRLƏR