Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Minsk Qrupu ləğv edilməli olduğunu bildirib.
Bakıvaxtı.az-ın məlumatına görə, o qeyd edib ki, Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxış edərkən Azərbaycan tərəfinin tələblərinə uyğun olaraq ATƏT-in Minsk Qrupunun buraxılmasına razı olduqlarını bildirib:
“Biz bu mövzunu dəfələrlə müzakirə etmişik. Nəticədə Minsk konfransının bütün strukturları: Minsk qrupu, yüksək səviyyəli planlaşdırma qrupu və ATƏT-in Dağlıq Qarabağ nizamlanması üzrə hazırkı nümayəndəsinin şəxsi nümayəndəsi vəzifəsi - bunların hamısı ləğv edilməlidir. Hesab edirik ki, müvafiq qərarın qəbulu üçün optimal yol Bakı və İrəvanın bu qurumların ləğvi ilə bağlı birgə bəyanatıdır”.
Rusiya rəsmisinin bəyanatını şərh edən analitik Elçin Xalidbəyli Bakıvaxtı.az-a bildirib ki, rəsmi Bakının da əsas tələblərindən biri də yekun sülh sazişi imzalanmazdan əvvəl ATƏT-in Minsk qrupunun ləğv olunmasıdır:
“Çünki artıq Qarabağ münaqişəsi adlı problem mövcud deyil. Buna görə də zamanında məlum konfliktin həlli ilə bağlı yaradılmış bir qurumun fəaliyyətinə heç bir ehtiyac qalmayıb. Üstəlik, Rusiya XİN rəsmisi Zaxarovanın da dediyi kimi ATƏT-in Minsk qrupu öz funksionallığını itirib və de-fakto ləğv edilmiş vəziyyətdədir. Belə bir qurumun de-yure ləğvi də vacibdir. Buna görə də rəsmi Bakı bu şərtin üzərində dayanır. Yəni Ermənistan konstitusiyasındakı Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı maddələrin ləğvi ilə yanaşı ikinci şərt kimi ATƏT-in Minsk qrupunun ləğvini gündəmə gətirir”.
Müsahibimizə görə, əslində Rusiya da başa düşür ki, Minsk qrupun tərkibində onun effektiv fəaliyyəti artıq mümkün deyil:
“Digər yandan Rusiya Cənubi Qafqazda kənar siyasi mərkəzlərin hər hansısa bir formada geopolitik proseslərdə iştirakını istəmir. Kremldə hesab edirlər ki, Azərbaycan və Ermənistan arasında müzakirələrə vasitəçilik lazımdırsa, o zaman bu məsələ Rusiya tərəfindən həll olunmalıdır. Rəsmi Moskvanın öz maraqları var”.
Elçin Xalidbəyli: Əslində Rusiya da başa düşür ki...
Ekspertin qənaətincə, Rusiya Minsk qrupundan imtina etməklə həm reallığı qəbul edir, həm də özü üçün yeni reallıqlar yaratmağa çalışır:
“Minsk qrupunun sıradan çıxarılması ilə bütövlükdə Cənubi Qafqazdakı sülh prosesinə Rusiya özü vasitəçilik etmək istəyir, amma bu mövzuda Azərbaycanın mövqeyi Rusiya ilə üst-üstə düşmür. Rəsmi Bakı Cənubi Qafqazdakı sülh prosesində hansısa vasitəçiyə ehtiyac duymur. Sadəcə Minsk qrupunun birdəfəlik ləğvində israrlıdır. Bu məsələdə həm beynəlxalq hüquq, həm də geopolitik şərtlər baxımından Azərbaycan tamamilə haqlıdır”.
Aydın Baxış