• Bakı 30° C

    10.21 m/s

  • USD - 1.7

    EUR - 1.9819

    RUB - 2.1453

“Moody's”: "Azərbaycanın bank sektoru yeni çağırışlara hazırdır"

İQTİSADİYYAT

08 Avqust 2025 | 14:22

“Moody's”: Azərbaycanın bank sektoru yeni çağırışlara hazırdır

“Moody's Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanın bank sektorunun əsas göstəricilərinin növbəti il ərzində yaxşı səviyyədə qalacağını proqnozlaşdırır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Report-a “Moody's Ratings”in kiçik vitse-prezidenti Lev Dorf məlumat verib.

Onun sözlərinə görə, agentlik bu il üçün Azərbaycanın bank sektoru üzrə müsbət proqnozu qoruyub saxlayır.

“Əlverişli iqtisadi şərait, o cümlədən qeyri-neft sektorunun davamlı artımı banklar üçün rahat əməliyyat mühiti yaradır. Bu, kreditləşmənin genişlənməsinə və gəlirliliyin yüksək səviyyəsinin saxlanmasına kömək edir. Bununla yanaşı, bank tənzimlənməsinin gücləndirilməsi sistem risklərinin azalmasına kömək edir. Biz növbəti 12 ay ərzində əsas göstəricilərin - aktivlərin keyfiyyəti, gəlirlilik, kapital və likvidliyin yaxşı səviyyədə qalacağını gözləyirik", - L.Dorf qeyd edib.

O xatırladıb ki, Azərbaycan bankları 2006-cı ildən bəri agentlikdən reytinq alır. Bu müddət ərzində bank sektoru xarici şoklar və daxili problemlərdən - zəif korporativ idarəetmə, risklərə qeyri-kafi nəzarət kimi bir sıra ciddi sınaqlardan keçib.

"2015-ci il böhranından sonra Azərbaycanın bank qanunvericiliyi əhəmiyyətli dərəcədə gücləndirilib. İstehlak kreditləşməsi ilə bağlı daha sərt qaydalar tətbiq edilib, əhaliyə xarici valyuta ilə kredit verilməsi qadağan edilib, həmçinin kredit risklərinin idarə edilməsi üzrə prudensial normativlər sərtləşdirilib. Bu tədbirlər banklara dayanıqlığı gücləndirməyə və 2020-2022-ci illərdə yayılan pandemiya da daxil olmaqla yeni çağırışlara hazırlaşmağa imkan verib", - o bildirib.

L.Dorfun sözlərinə görə, hazırda korporativ idarəetməyə tələblərin artması, Bazel III standartlarının fəal şəkildə tətbiqi, o cümlədən əlavə kapital buferləri və likvidliyin örtülmə əmsalı normativi (LCR) müşahidə olunur.

"Bundan başqa, sistem əhəmiyyətli banklar üçün xüsusilə kapital adekvatlığı normativlərinə dair tələblər artırılıb. Bütün bu addımlar davamlı artımla yanaşı, həm də risklərin idarə edilməsində keyfiyyət dəyişikliklərinə kömək edərək Azərbaycanın bank sektorunun sabitliyini gücləndirib", - o vurğulayıb.

Rəsmi statistikaya görə, 1 iyul 2025-ci il tarixinə Azərbaycan banklarının aktivləri 56,734 milyard manat təşkil edib ki, bu da il ərzində 12,7 % artım deməkdir.

Hesabat dövründə ölkədə fəaliyyət göstərən 22 bankın öhdəlikləri 12,9 % artaraq 49,788 milyard manata, depozit portfeli isə 6,2 % artaraq 37,353 milyard manata çatıb. Bank sektorunun balans kapitalı 11,3 % artımla 6,946 milyard manat təşkil edib.


SON XƏBƏRLƏR