Tibb müəssisələrinin istifadə etdiyi proqramlar vahid rəqəmsal ekosistemə qoşularaq məlumat mübadiləsini asanlaşdıracaq.
Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı Rəqəmsal Səhiyyə Mərkəzinin mütəxəssisi Sevinc Məhərrəmova deyib.
Onun sözlərinə görə, hazırda bir çox tibb müəssisələri pasiyent məlumatlarının və müayinə nəticələrinin daxil edilməsi üçün müxtəlif proqram təminatlarından istifadə edir.
Mütəxəssis bildirib ki, Tibb Rəqəmsal Əkiz Sisteminin tətbiqi həmin proqramların ləğvi demək deyil. Əksinə, mövcud sistemlər vahid rəqəmsal ekosistemə inteqrasiya olunacaq və məlumatların ötürülməsi təmin ediləcək.
Sevinc Məhərrəmova qeyd edib ki, tibb müəssisələri öz fəaliyyətlərini hazırda istifadə etdikləri proqramlar üzərindən davam etdirəcəklər. Həmin proqramlarda formalaşan məlumatlar avtomatik şəkildə Tibb Rəqəmsal Əkiz Sisteminə ötürüləcək.
Onun sözlərinə görə, bu inteqrasiya həm tibb müəssisələrinin işini asanlaşdıracaq, həm də sağlamlıq məlumatlarının vahid platformada toplanmasına imkan verəcək.
Mütəxəssis vurğulayıb ki, nəticədə pasiyentlərin tibbi məlumatları daha əlçatan olacaq və səhiyyə sistemində məlumat mübadiləsi daha səmərəli şəkildə həyata keçiriləcək.
Zeynəb Rzayeva
Bakı 



