Daşınmaz əmlakın dövlət reyestri və kadastrı vahid sistemdə birləşdirilir.
Bakıvaxtı.az-ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunlara təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihədə daşınmaz əmlakın dövlət reyestri və kadastrının vahid sistemdə birləşdirilməsi və məlumatların vahid məntəqədən əldə edilməsinin və saxlanılmasının təmin edilməsi nəzərdə tutulur. Təklif olunan dəyişikliyə əsasən, dövlət kadastrına daxil edilməli olan məlumatların dairəsi və həmin məlumatların dövlət kadastrına daxil olma əsasları konkretləşdirilir. Belə ki, Azərbaycan Respublikasının dövlət sərhədləri, ərazi vahidlərinin, bələdiyyələrin və yaşayış məntəqələrinin sərhədləri, torpaq sahəsinin kateqoriyası, təyinatı, ərazi planlaşdırılması və zonalaşdırılmasına dair məlumatlar, infrastruktur obyektləri və onların mühafizə zonaları barədə məlumatlar, Azərbaycan Respublikasının daxili suları (çaylar, göllər və s.) və Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi və onların mühafizə zonalarına dair məlumatlar, habelə daşınmaz əmlakın dövlət reyestrinin fəslinin məlumatları (üzərində hüquqların qeydiyyata alındığı daşınmaz əmlaklar barədə məlumatlar) dövlət kadastrına daxildir. Daşınmaz əmlak üzərində mülkiyyət hüquqları barədə məlumatlar, hüquq sahibi (sahibləri), eləcə də mülkiyyət və digər əşya hüquqlarının məhdudlaşdırılması barədə məlumatlar isə reyestr məlumatları kimi təsnif edilir. Daşınmaz əmlakın dövlət reyestrinin əmlakın təsvirinə dair müvafiq fəslinin (I fəslin) məlumatları ilə kadastr məlumatları birləşdirilərək informasiya sisteminin tamlığı prinsipi əsas götürülüb. Bununla dövlət informasiya ehtiyatlarında saxlanılan məlumatlar arasında ziddiyyətlərin tam olaraq aradan qaldırılması təmin ediləcək.
Eyni zamanda layihəyə görə dövlət reyestri "Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı" informasiya sistemi vasitəsilə elektron üsulla aparılacaq. Qeyd edilib ki, bu, daşınmaz əmlakın dövlət reyestrinin tam olaraq rəqəmsal formada aparılmasının təmin edilməsini nəzərdə tutur. Bu yenilik Azərbaycan Respublikası Prezidentinin 17 noyabr 2023-cü il tarixli 2354 nömrəli Fərmanından irəli gəlir. Belə ki, Fərman daşınmaz əmlakın dövlət kadastrı və reyestri sahələrində şəffaflığın və operativliyin artırılması, əmlakın qeydiyyatı ilə bağlı xidmətlərin elektronlaşdırılmasını nəzərdə tutur.
Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
Bakı 



