• Bakı C

    2.59 m/s

  • USD - 1.7

    EUR - 1.7536

    RUB - 1.5373

Müharibə qəhrəmanı ABŞ-da “Tesla”nı niyə partladıb: İntihar, yoxsa terror? 

DÜNYA

04 Yanvar 2025 | 16:36

Müharibə qəhrəmanı ABŞ-da “Tesla”nı niyə partladıb: İntihar, yoxsa terror? 

ABŞ hərbçisi Metyu Livelsberqer 1 yanvarda Las-Veqasda otelin yaxınlığında "Tesla Cybertruck”da baş verən partlayış nəticəsində həlak olub. 

Bakıvaxtı.az "The Associated Press”ə istinadla xəbər verir ki, Livelsberqer partlayışdan əvvəl yazdığı qeydlərdə bunun terror aktı olmadığını və insanları oyatmaq üçün "siqnal” olması gərəkdiyini vurğulayıb.

37 yaşlı Livelsberqer yazıb ki, o, itirdiyi "qardaşlarını" ağlından silməli və "məhv etdiyi həyatların yükündən" qurtulmalıdır.

"Bu bir terror aktı deyildi, bu ayılmamız üçün siqnal idi. Amerikalılar yalnız tamaşalara və zorakılığa diqqət yetirirlər. Fikrini çatdırmağın ən yaxşı yolu, fişənglər və partlayıcılarla göstərilən fəndlərdir", – deyə Livelsberqer qeyd edib.

Onun qeydlərində siyasi məsələlərdən, ictimai problemlərdən, daxili və beynəlxalq məsələlərdən, o cümlədən Ukraynadakı müharibədən bəhs edilir. Bir qeyddə o, ABŞ-ın "ölümcül xəstə" olduğu və "çöküşə doğru irəlilədiyini" bildirib.

Şerifin köməkçisi Dori Korenin sözlərinə görə, "Tesla” mühəndisləri "Cybertruck”dan məlumatlar əldə etsələr də, onların hamısı hələ tam təhlil olunmayıb.

"Hələ də baxılmalı olan böyük həcmdə məlumatlarımız var. Minlərlə, hətta milyonlarla video, foto, sənəd, internet tarixi və başqa materialları təhlil etmək lazımdır", – deyə Koren bildirib.

Hüquq-mühafizə orqanlarının nümayəndələri bildiriblər ki, Livelsberqerin Donald Trampa qarşı düşmən münasibəti olmayıb. Onun qeydlərindən birində ölkənin Trampın və "Tesla”nın baş direktoru İlon Maskın ətrafında "birləşməli" olduğu vurğulanıb.

"Bu hadisə daha ictimaiyyətə açıq və daha sensasiyalı olsa da, nəticə etibarilə, görünür, bu, müharibə veteranı ilə bağlı faciəvi intihar hadisəsidir. O, böyük mükafatlar qazanmışdı və posttravmatik stress pozuntusu və digər problemlərlə mübarizə aparırdı", – deyə FTB-nin xüsusi agenti Spenser Evans qeyd edib.

Livelsberqer son illərdə keçmiş sevgilisi, hərbi tibb bacısı Alişia Arritta etiraf edib ki, o, ciddi ağrı və tükənmə ilə üzləşib. Arritt onun sözlərini baş beyin travması ilə əlaqələndirib.

Arrittin sözlərinə görə, hərbiçi ona yorğunluq, gecələr yatmasına mane olan ağrılar və Əfqanıstanda xidmət zamanı yaşadığı zorakılıqlardan bəhs edib.

"Son il mənim şəxsi həyatım əsl cəhənnəm idi", –Livelsberqer Arrittə yazdığı mesajlarda bildirib və bu mesajlar nəşr olunaraq paylaşılıb.

Xatırladaq ki, 1 yanvarda Nevadanın Las-Veqas şəhərində Trump Las Vegas otelinin girişində "Tesla Cybertruck” avtomobili partlayıb. Nəticədə bir nəfər həyatını itirib, yeddi nəfər isə yaralanıb.

İlon Mask partlayışın, eləcə də "Ford” pikapı ilə həyata keçirilən Yeni Orlean terror aktının əlaqəli ola biləcəyini ehtimal edib. Mask həmçinin "Tesla”nın partlayışını "terror aktına bənzədir".

"Tesla Cybertruck”dakı kişi ABŞ ordusunun xüsusi təyinatlı birliyində xidmət edən hərbiçi idi. ABŞ rəsmilərinin sözlərinə görə, o, uzunmüddətli xarici missiyalarda iştirak edib. Xüsusilə, onu iki dəfə Əfqanıstana, eləcə də Ukraynaya, Tacikistana, Gürcüstana və Konqo Demokratik Respublikasına göndəriblər.


SON XƏBƏRLƏR